Yaxın Şərqdə vəziyyət kəskin şəkildə gərginləşib və bölgədə genişmiqyaslı müharibə alovlanıb.
Müxtəlif mənbələrə görə, İranın bir sıra şəhərlərində güclü partlayışlar qeydə alınıb, ümumilikdə 30-a yaxın hədəfə zərbələr endirilib. Hücumların hədəfləri arasında prezidentin iqamətgahı və kəşfiyyat qərargahının da olduğu bildirilir. Eyni zamanda İsrail ölkə daxilində hərbi vəziyyət elan edərək fövqəladə rejimə keçdiyini açıqlayıb. Rəsmi məlumatlara əsasən, yalnız həyati əhəmiyyət daşıyan xidmət sahələri fəaliyyət göstərəcək. İsrail Müdafiə Qüvvələri İranla artan qarşıdurma fonunda 70 min ehtiyat hərbçini təcili şəkildə xidmətə çağırıb.
NOCOMMENT.az xəbər verir ki, İran cavab olaraq İsrailə, eləcə də Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İordaniya və Küveytə doğru ballistik raketlər buraxıb və əsasən hərbi obyektləri hədəf alıb.
Münaqişənin coğrafiyası daha da genişlənib; İsrail və ABŞ tərəfindən İran ərazisində müxtəlif hədəflərə zərbələr endirildiyi, o cümlədən İran rəhbərliyində təmsil olunan əsas fiqurların – müdafiə naziri və məhkəmə sisteminin rəhbərinin zərərsizləşdirildiyi bildirilir. Bundan əlavə, İran ordusuna ultimatum irəli sürüldüyü, ya təslim olmaq, ya da mübarizəni sonadək davam etdirmək seçimi qarşısında qoyulduğu qeyd olunur.
Baş verən hadisələr qlobal iqtisadiyyata da ciddi təsir göstərməkdədir. Dünya bazarlarında kəskin dalğalanmalar müşahidə olunur, neft və qaz qiymətlərinin sürətlə artacağı gözlənilir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası vəziyyətlə bağlı təcili iclas çağırıb. Eyni zamanda, zərbələrdən sonra kriptovalyuta bazarında da ciddi eniş qeydə alınıb və 100 milyon dollardan artıq “long” mövqelərin ləğv edildiyi bildirilir. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə Bəhreyn və Əbu-Dabidə endirilən zərbələrin əks olunduğu iddia olunur.

Əli Səfərli,
NOCOMMENT.az











