ABŞ Prezidenti Donald Trampın Çinə səfəri zamanı İran mövzusunun rəsmi gündəlikdə olmayacağını bildirməsinə baxmayaraq, beynəlxalq analitiklər əsas müzakirələrin məhz Hörmüz boğazı ətrafında cərəyan etdiyini vurğulayırlar. Vaşinqton administrasiyası boğazın blokadasını aradan qaldırmaq üçün Pekinin Tehran üzərindəki təsirindən istifadə etməyə çalışır. Lakin regiondakı diplomatik canlanmaya rəğmən, ekspertlər mövcud vəziyyəti "fırtınadan əvvəlki sakitlik" kimi qiymətləndirirlər.
NOCOMMENT.az xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafın son müraciəti Tehranın cəmiyyəti uzunmüddətli qeyri-müəyyənlik və yeni müharibə mərhələsinə psixoloji cəhətdən hazırlamaq strategiyasını ortaya qoyub. Qalibafın təqdim etdiyi yeni dövlət modeli iqtisadi təzyiqlər, təhlükəsizlik təhdidləri və sosial gərginlik üzərində qurulub. Bu modelin ən diqqətçəkən tərəfi etirazları yatırmaqda ad çıxarmış "Bəsic" qüvvələrinin səlahiyyətlərinin genişləndirilməsidir. "Bəsic" artıq sadəcə hərbi qüvvə deyil, məhəllələri, QHT-ləri və insanların gündəlik həyatını birbaşa nəzarətdə saxlayan sosial mexanizmə çevrilir.
Qalibafın çıxışında işlətdiyi "qənaət raketi" ifadəsi analitiklər tərəfindən rejimin iqtisadi uğursuzluqları "milli müqavimət" simvolu kimi qələmə verməsi kimi yozulur. Türkiyə ordusunun istefada olan briqada generalı, akademik Osman Qazi Kandemir bildirir ki, Tehran uzunmüddətli atəşkəsdən qorxur. Çünki müharibə ritorikası dayandıqda, cəmiyyətin diqqəti kəskin qiymət artımına, valyuta böhranına və yoxsulluğa yönələcək. Kandemirin fikrincə, rejim atəşkəs dövründə sosial rifahı deyil, yalnız hərbi potensialı bərpa etməyi hədəfləyir.
Ekspertlər hesab edir ki, Qalibafın müraciəti həm də orta təbəqəyə və müharibə əleyhdarlarına ünvanlanmış bir mesajdır: "Çətin günlər müvəqqəti deyil, məhrumiyyətlər yeni siyasi sistemin bir hissəsidir". Beləliklə, İran hakimiyyəti həm xarici təhdidləri, həm də daxili etiraz potensialını nəzərə alaraq, gündəlik həyatın tamamilə hərbiləşdirildiyi, yoxsulluğun isə "fədakarlıq" kimi təqdim olunduğu qaranlıq bir gələcək vəd edir.
Sara,
NOCOMMENT.az












