Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya rəhbərliyi ilə mümkün danışıqlar prosesinə münasibətini açıqlayıb. O, Vladimir Putini "bədbəxt" (və ya ağlını itirmiş) adlandırsa da, Ukraynanın sülh prosesindən qaçmadığını vurğulayıb.
NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski jurnalistlərə açıqlamasında Kremlin rəhbərinin əsas məqsədinin dağıdıcı olduğunu qeyd edib: "Putin istəyir ki, bizdə hər şey yansın və o, bədbəxtdir, bunu tərəfdaşlarımız da hiss edir. Ukrayna buna baxmayaraq, onunla danışıqlara hazırdır".
Ukrayna dövlət başçısı vurğulayıb ki, danışıqlarda güclü mövqe nümayiş etdirmək üçün Avropanın prosesə tam şəkildə daxil olması vacibdir. O, Avropa ölkələrini sanksiyalarda heç bir istisna etməməyə, aktivlərin müsadirə olunması və Ukraynanın maliyyələşdirilməsi istiqamətində qətiyyətli addımlar atmağa çağırıb.
Zelenskinin sözlərinə görə, Putin müharibəni qələbəsiz bitirməkdən və ordusunun geri qayıtmasından qorxur: "Putin fiziki olaraq öz ordusundan qorxur. Buna görə də o, müharibənin qələbəsiz başa çatmasını istəmir".
Prezident eyni zamanda xəbərdarlıq edib ki, konkret təhlükəsizlik təminatları olmadan atəşkəsin elan edilməsi effektiv olmayacaq, çünki bu halda Rusiya yenidən müharibəyə qayıdacaq: "Əgər konkret təhlükəsizlik zəmanətləri olmazsa, o, yenidən müharibəyə qayıdacaq. Bu dəfə isə zərbə altında başqaları ola bilər".
Əli Səfərli,
NOCOMMENT.az











