Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin dayandırılması və diplomatik yolların axtarılması üçün mühüm bəyanatla çıxış edib. Dövlət başçısı cəbhədəki cari vəziyyəti dəyərləndirərək, Moskva ilə masaya əyləşmək üçün əlverişli şəraitin yarandığını diqqətə çatdırıb.
NOCOMMENT.az xəbər verir ki, Ukrayna lideri "Face the Nation" proqramına verdiyi müsahibədə 2025-ci ilin dekabr ayından etibarən Rusiya ordusunun döyüş meydanında təşəbbüsü itirməyə başladığını vurğulayıb. Onun sözlərinə görə, cari ilin yanvar ayında amerikalı tərəfdaşlara danışıqlar üçün xüsusi bir "pəncərə"nin yarandığı barədə məlumat verilib: "Hesab edirəm ki, danışıqlar üçün fürsət pəncərəsi var, çünki Rusiya hər ay daha çox canlı qüvvə itirir. Hazırda onlar bir ay ərzində bizim azad etdiyimizdən daha çox ərazini işğal etmək iqtidarında deyillər. Ona gərə də növbəti qış başlamazdan əvvəl diplomatik yol tapmalı – oturub danışmalıyıq".
Zelenski qeyd edib ki, bu prosesin uğuru həm Rusiya cəmiyyətinin Putinə edəcəyi daxili təzyiqdən, həm də ABŞ və Avropanın sanksiyalarından asılıdır. Danışıqlarda Avropanı kimin təmsil edəcəyi məsələsinə toxunan prezident Böyük Britaniya, Fransa və Almaniyanın yer aldığı "E3" formatını, həmçinin Şimali Avropa ölkələrini və hərbi əsirlərin qaytarılmasında böyük xidmətləri olan Türkiyəni potensial vasitəçilər kimi qeyd edib. O, yekun qərarın Ukrayna və Avropa tərəfindən veriləcəyini, lakin Kremlin də bu dialoqa və Avropanın iştirakına hazır olmasının vacibliyini əlavə edib.
Sara,
NOCOMMENT.az











