Polşa Prezidenti Karol Navrotski 19 iyun 2026-cı il tarixində Ukrayna Prezidenti Volodimir Zelenskini ölkənin ən yüksək dövlət mükafatı olan "Ağ Qartal" ordenindən məhrum edib.
NOCOMMENT.az xəbər verir ki, Polşa rəhbəri bu qərarı videomüraciətində açıqlayıb. Qərarın əsas səbəbi Ukrayna Prezidentinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə İkinci Dünya müharibəsi dövründə fəaliyyət göstərmiş Ukrayna Üsyançı Ordusunun (UPA) şərəfinə "UPA qəhrəmanları" adının verilməsinə razılıq verməsi olub.
Polşa rəsmiləri UPA-nı Volın faciəsi zamanı etnik polyakların kütləvi qətliamlarında iştirakda ittiham edir və bu tarixi məsələni iki ölkə arasında "keçilməz qırmızı xətt" kimi qiymətləndirir. Navrotski qeyd edib ki, prezident ölkənin ən ali dövlət mükafatının nüfuzunu və şərəfini qorumağa borcludur və bu qərar Polşa dövlətinin dəyərlərinə hörmətsizliyin qarşılığında verilib. Bununla yanaşı, Polşa tərəfi bu addımın Ukrayna xalqına və ölkənin Rusiya təcavüzünə qarşı mübarizəsinə qarşı olmadığını, strateji təhlükəsizlik əməkdaşlığının davam etdiyini vurğulayıb.
Əli Səfərli, NOCOMMENT.az











