Əhaliyə vacib xəbər: Problemli kreditlər bağışlanacaq?

Əhaliyə vacib xəbər: Problemli kreditlər bağışlanacaq?

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmində müşahidə olunan sürətli artım maliyyə sektoru üçün ciddi siqnallar verir. Son rəsmi məlumatlara görə, problemli kreditlərin məbləği son bir ildə təxminən 29 faiz artaraq 619,6 milyon manata çatıb. Təkcə bu ilin mart ayı ilə müqayisədə aprelin 1-nə olan göstəricilərdə 10,25 faizlik bir sıçrayışın olması vəziyyətin kifayət qədər gərginləşdiyini sübut edir. İqtisadi tənəzzül, inflyasiya və əhalinin real gəlirlərinin azalması fonunda borc öhdəliklərinin yerinə yetirilməməsi həm banklar, həm də vətəndaşlar üçün yeni bir iqtisadi sınaq dövrünün başladığından xəbər verir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli qeyd edib ki, problemli kreditlərin artması ölkədəki ümumi iqtisadi konyunkturun və əhalinin ödəniş qabiliyyətinin zəifləməsinin birbaşa nəticəsidir: "Kredit portfelindəki 29 faizlik artım çox ciddi bir rəqəmdir. Bu, o deməkdir ki, banklardan vəsait götürən həm fiziki şəxslər, həm də sahibkarlar gəlirləri ilə xərcləri arasındakı balansı qoruya bilmirlər.

İnflyasiya dərəcəsinin yüksək olması istehlak səbətinin bahalaşmasına gətirib çıxarıb ki, bu da insanların büdcəsində kredit ödənişlərini ikinci plana atır. Digər tərəfdən, bir çox bankların kredit şərtlərini sadələşdirməsi, lakin riskləri düzgün qiymətləndirməməsi də gələcəkdə 'partlayacaq' problemli kreditlərin sayını artırır".

Onun sözlərinə görə, mövcud vəziyyət təkcə vətəndaşların deyil, həm də kiçik və orta sahibkarlığın üzləşdiyi çətinliklərdən qaynaqlanır: "Sahibkarların xərcləri artır, investisiya mühitindəki müəyyən durğunluq isə onların dövriyyə vəsaitlərini azaldır. Belə bir mühitdə götürülən biznes kreditlərinin qaytarılmasında yaranan 10 faizlik aylıq artım iqtisadiyyatda 'zəncirvari reaksiya' yarada bilər. Əgər yaxın vaxtlarda əhalinin gəlirlərinin artırılması və ya bankların kreditləşmə siyasətində daha mühafizəkar, eyni zamanda müştəriyönümlü restrukturizasiya tədbirləri görülməsə, biz bu rəqəmlərin daha da böyüdüyünü görəcəyik".

Nəsirli bildirib ki, problemli kreditlərin həcminin kritik həddə çatması bank sektorunun dayanıqlığına da təhdid yaradır: "Banklar üçün vaxtı keçmiş kreditlərin artması likvidlik problemi deməkdir. Gecikmələrin sürətlə çoxalması bankların yeni kreditlər vermək imkanlarını məhdudlaşdırır və faiz dərəcələrinin daha da yüksəlməsinə zəmin hazırlayır. Bu qapalı dövrədən çıxmaq üçün həm mərkəzi tənzimləyici qurumun müdaxiləsi, həm də kredit risklərinin idarə olunmasında yeni mexanizmlərin tətbiqi qaçılmazdır. Hazırkı tendensiya göstərir ki, problemli kreditlər məsələsi yaxın aylarda iqtisadi gündəmin ən 'qaynar' mövzusu olaraq qalacaq".