Bu gün Baş nazir Əli Əsədovla bağlı mediada yayılan məlumat böyük ictimai reaksiya doğurub və geniş müzakirələr yaradıb. Çünki məqalədə Əli Əsədovun biznes imperiyası və külli miqdarda varidatının bir qismi ünvanlarına qədər göstərilir. Bu isə sıradan hadisə deyil.
NOCOMMENT.az xəbər verir ki, faktların yayılmasından keçən müddət ərzində Əli Əsədov ittihamlarla bağlı heç bir açıqlama verməyib, eyni zamanda Nazirlər Kabineti də məsələyə aydınlıq gətirmək istiqamətində bir addım atmayıb. Bu da əslində nə baş verdiyi sualını önə çıxarır.
Ümumi mənzərə acınacaqlıdır
Azərbaycanda Nazirlər Kabineti böyük ölçüdə iqtisadi siyasəti həyata keçirən orqandır və baş nazir xüsusilə Prezidentin bu sahədəki göstəriş və tələblərini icra etməlidir.
Bəs, Azərbaycanın hazırkı iqtisadi vəziyyəti necədir?
Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə baxaq:
– 2026-cı ilin ilk rübündə (yanvar-mart) ölkədə ÜDM 29 milyard 703,2 milyon manat təşkil edib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azalma deməkdir;
– eyni dövrdə neft-qaz sektorunda 1,2 faizlik geriləmə qeydə alınıb, qeyri-neft iqtisadiyyatında artıq isə cəmi-cümlətani 0,2 faizdir…
Bu, qeyri-neft sektorunun inkişafını prioritet seçən ölkə üçün olduqca zəif göstəricidir.
Ekspertlər də Cənubi Qafqaz ölkələrində Gürcüstanda 6–7%, Ermənistanda 4–5% artım qarşılığındakı Azərbaycandakı həddən artıq aşağı iqtisadi göstəriciləri həyəcan kimi qəbul edirlər.
Bu, birbaşa Nazirlər Kabinetinin qarşısında qoyulan tələbin yerinə yetirilməməsi deməkdir. Başqa sözlə desək, Əli Əsədov vəzifəsinin öhdəsindən gələ bilmir və bu, təəssüf ki, hamısı deyil.
Detalları aydınlaşdırmaq üçün məqalədən bəzi parçalara diqqət yetirək:
– “Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov hələ Prezident Administrasiyasında şöbə müdiri vəzifəsində çalışarkən adı biznes məsələlərində hallanan məmurlardan biri olub”;
– “Burada məsələ təkcə Baş nazirin var-dövləti ilə bağlı deyil, onun idarəçiliyi və hakimiyyətdə sevmədiyi vəzifə sahiblərinə qarşı davranışı da ciddi araşdırma mövzusudur. Keçmişdə maraqları toqquşan bir məmurun digərinə qarşı mediaya kompromatlar ötürməsi, onu gözdən salması geniş yayılmış praktika olub.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və onun “sadiq silahdaşı” Əli Həsənov bu təcrübənin ideoloqları və flaqmanları kimi az qala bütün məmur korpusunu təzyiq altında saxlayıblar.
İllər keçdikcə, idarəçilikdə dərin islahatlar həyata keçirildikcə, bu ənənəyə də son qoyulduğunu demək istərdik. Lakin çox təəssüf ki, hazırkı Baş nazirin praktikasında belə hallar da var. Əli Əsədov bəzi “sevimli” jurnalistlər vasitəsilə hətta Nazirlər Kabinetinin qapalı iclaslarında müzakirə olunan məsələləri iz azdırmaqla ictimailəşdirir və kimlərisə hədəfə gətirməyə çalışır. Böyük bir vəzifə sahibi heç də düşünmür ki, Azərbaycan balaca bir ölkədir və kimin nə ilə nəfəs aldığını, nə iş gördüyünü, kimin kiminlə təmasda olduğunu aydınlaşdırmaq üçün elə də böyük qüvvə sərf etməyə ehtiyac yoxdur…”
Məqalədə bu iki hissənin əksini tapması o deməkdir ki, Əli Əsədov üzərinə düşən missiyanı yerinə yetirmək, ona tapşırılan vəzifənin öhdəsindən gəlmək, Prezidentin etimadını doğrultmaq əvəzinə (Məqalədə xüsusi vurğulanır:
“Onun öz səlahiyyətlərini necə icra etməsi, yəni peşəkar fəaliyyəti başqa məqalənin mövzusudur”) biznesini inkişaf etdirməklə, sevmədiyi adamlara qarşı isə kampaniya aparmaqla məşğuldur.
Sevmədiyinə qarşı kampaniya aparanlar hazırda barəsində vətənə xəyanət ittihamı ilə cinayət işi aparılan Ramiz Mehdiyev və PA-nın sabiq şöbə müdiri Əli Həsənovdur.
Bu məqalədə də açıq şəkildə bildirilir: “Əli Əsədovun nümunəsi Azərbaycanda formalaşan yeni məmur obrazına uyğun gəlmir və köhnə ənənənin qalığı kimi dəyərləndirilə bilər. Hər halda, ortada dövlət başçısının tələbləri, göstərdiyi çərçivə var və kimliyindən, hansı postu tutmasından asılı olmayaraq heç kimi yeni dövrün standartlarından kənarda qala bilməz”./Bakupost.az/










