May ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) inklüziv və dayanıqlı şəhər inkişafı sahəsində təcrübə mübadiləsi və həll yollarının axtarışı üçün platforma olacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Euronews” telekanalının əsas diqqəti qlobal mənzil böhranı məsələlərinə, sürətli urbanizasiya və əlçatan mənzilə artan ehtiyac şəraitində şəhərlərin inkişafına dair müasir yanaşmalara cəmlənəcək WUF13-ə həsr olunmuş reportajında deyilir.
Telekanal qeyd edir ki, bu gün bütün dünyada bir milyarddan çox insan qənaətbəxş sayılmayan mənzil şəraitində yaşayır, eyni zamanda şəhər əhalisinin sürətli artımı, mənzillərin bahalaşması və demoqrafik təzyiq bütün dünyada şəhər sistemlərinə düşən yükü artırır.
Belə bir şəraitdə WUF13 mənzil siyasəti, şəhər infrastrukturu və dayanıqlı inkişaf sahəsində praktiki həll yollarının müzakirəsi üçün beynəlxalq platforma kimi nəzərdən keçirilir.
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rossbax şəhərlərin bərpası və inkişafı ilə bağlı yanaşmalara yenidən baxılmasının zəruriliyini vurğulayıb:
“Dünyanın bir çox regionlarında artıq əhəmiyyətli dərəcədə tikili mühitimiz var, elə deyilmi? Buna görə də, artıq inşa edilmiş olanlardan maksimum səmərəli istifadə etmək son dərəcə vacibdir. Bu, iqlim dəyişikliyi kontekstində kritik əhəmiyyət daşıyır, çünki istənilən yeni tikinti tullantılarla bağlıdır və ya torpaq sahəsi tutur, bu isə sahib olduğumuz təbii resursları qorumaq zərurəti deməkdir”.
Reportajda vurğulanır ki, təhlükəsiz və əlçatan mənzilə çıxış müasir şəhər inkişafının ən kəskin problemlərindən biri olaraq qalır, çünki mənzil siyasəti həyat keyfiyyətinə, sosial dayanıqlılığa və icmaların inkişafına birbaşa təsir göstərir. Həmçinin qeyd olunur ki, foruma ev sahibliyi edən Azərbaycan mənzil tikintisi, münaqişədən sonrakı bərpa və irimiqyaslı sosial proqramlar sahəsində öz təcrübəsini təqdim edir.
Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsi Emin Hüseynov qeyd edib ki, müasir layihələr təkcə mənzillə təminata deyil, həm də dayanıqlı icmaların formalaşdırılmasına yönəlib. O, həmçinin mənzil siyasətinin daha geniş sosial-iqtisadi səmərəyə malik olduğunu vurğulayıb.
“Burada məqsədimiz sadəcə ev tikmək deyil, həm də mənsubiyyət hissi yaratmaq, faktiki olaraq dayanıqlı icmalar üçün əsas formalaşdırmaqdır”, – o vurğulayıb.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov isə öz növbəsində bərpa layihələrinin həyata keçirilməsi ilə bağlı təşkilati və zamanla əlaqədar çağırışları qeyd edib. “Hamımız müəyyən çağırışlarla üzləşdik, onlardan ən başlıcası zaman, eləcə də yaşayış obyektlərinin və binalarının tikintisinin təşkili idi. Hazırda Şuşada 1400 nəfər yaşayır ki, bu da təxminən 377 ailə deməkdir”, – o deyib.
Reportajda xüsusi olaraq qeyd edilir ki, hamının mənzillə təmin olunması müasir urbanizasiyanın əsas vəzifələrindən biri olaraq qalır, WUF13 çərçivəsində müzakirələr isə davam edir və qlobal mənzil böhranının dayanıqlı və praktiki həll yollarının axtarışına yönəlib.
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək./report/









