Bakıda itkin düşən 2015-ci il təvəllüdlü İ.A. və 2018-ci il təvəllüdlü S.A. bacı-qardaşı tapılıb.
NOCOMMENT.az xəbər verir ki, azyaşlıların yeri Xətai rayonu, Zığ şosesi ərazisində müəyyən edilib.
Hadisə ilə bağlı sonradan dəhşətli detallar üzə çıxıb.
Məlum olub ki, bacı-qardaş uzun müddət ailədaxili zorakılığın qurbanı olub. Onların sözlərinə görə, anaları fiziki və psixoloji zorakılığa məruz qalıb, ataları isə spirtli içki qəbul etdikdən sonra uşaqlara işgəncə verib.
Bununla bağlı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, bacı-qardaş yaşadıqları evdən qaçmağı əvvəlcədən planlaşdırıb. Axşam saatlarında evdən çıxan uşaqlar uzun müddət çimə bilmədiklərini deyərək dəniz sahilinə yollanıblar. Onlar gecəni də sahildə keçiriblər.
Səhər saatlarında isə taksi sürücülərindən birinə yaxınlaşaraq onları bibisinin gözlədiyini bildiriblər. Lakin azyaşlıların yanında heç bir böyük şəxsin olmaması sürücüdə şübhə yaradıb. Sürücü onları birbaşa polis şöbəsinə aparıb və bundan sonra hadisənin təfərrüatı üzə çıxıb.
Mehriban Zeynalovanın sözlərinə görə, uşaqların bədənlərində çoxsaylı yara, saçlarında isə yanıq izləri aşkar edilib. Daha sonra onlar sığınacağa yerləşdiriliblər və hər iki uşaq məhkəmə-tibbi ekspertizadan keçirilib.
Paylaşımda qeyd olunub ki, uşaqlar hazırda özlərini təhlükəsiz hiss edirlər. Onlarla söhbət zamanı azyaşlılardan biri uşaqlıqdan ən böyük arzusunun həm özünün, həm də bacısının arzularının gerçəkləşməsi olduğunu deyib.
Mehriban Zeynalova, həmçinin bildirib ki, ana rəsmi qaydada hər iki övladından imtina edib.











