Azad olunmuş ərazilərə qayıdış: Strateji hədəflər və regional inkişaf

Azad olunmuş ərazilərə qayıdış: Strateji hədəflər və regional inkişaf

Son günlər sosial şəbəkə platformalarında, xüsusilə də bəzi seqmentlərdə Zəngilandan olan keçmiş məcburi köçkünlərin köçürülmə prosesi, yeni yaşayış sahələrinin bölgüsü və bu prosesin gedişatı ilə bağlı müəyyən narahatlıq və müzakirələrin şahidi oluruq. Müəyyən platformalarda məsələni ictimaiyyətə fərqli şəkildə təqdim etməyə, fərdi istəkləri ümumdövlət maraqlarının qarşısına qoymağa çalışan tezislərə rast gəlinir. Şübhəsiz ki, hər bir vətəndaşın müəyyən adaptasiya dövründə narahatlıq keçirməsi psixoloji baxımdan başa düşülən olsa da, məsələyə emosional deyil, rasional, hüquqi və ən əsası vətəndaşlıq məsuliyyəti prizmasından yanaşmaq mütləqdir. Çünki otuz illik işğal dövrünün acılarını arxada qoyan Azərbaycan bu gün dünya hərb və diplomatiya tarixinə düşən möhtəşəm bir qayıdış prosesini icra edir. Dövlətin öz vətəndaşları qarşısında çəkdiyi bu böyük zəhmətin, minlərlə şəhidin qanı, qazilərin canı bahasına qazanılmış torpaqların dirçəldilməsi missiyasının qarşısında dayanan hər bir şəxs reallığı düzgün qiymətləndirməlidir.

Otuz il ərzində Azərbaycan dövləti və cəmiyyəti işğal faktı ilə barışmadı və bu müddətdə didərgin düşmüş həmvətənlərimizin sosial rifahının təmin olunması, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün bütün imkanlarını səfərbər etdi. Həmin illərdə dövlət tərəfindən tətbiq edilən imtiyazlar, sosial paketlər və humanitar yardımlar vətəndaşlarımızın çətin dövrü minimum itkilərlə atlatması üçün nəzərdə tutulurdu. Bu addımlar tamamilə anlaşılan və zəruri idi, çünki ata-baba yurdlarımız düşmən tapdağı altında inildəyirdi. Lakin 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandanın rəhbərliyi, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində tarixi ədalət bərpa olundu. Şəhidlərimizin müqəddəs qanı və qazilərimizin fədakarlığı ilə azad edilən Zəngilan, Şuşa, Ağdam, Laçın, Kəlbəcər və digər rayonlarımız indi yeni bir dövrə qədəm qoyub. Torpaqların işğaldan azad edildiyi həmin tarixi andan etibarən dövlət başçısının şəxsi nəzarəti altında Şərqi Zəngəzur və Qarabağda misli görünməmiş bərpa və quruculuq işləri aparılır. Sıfırdan tikilən "ağıllı kəndlər", beynəlxalq hava limanları, modern magistral yollar və müasir infrastruktur obyektləri yalnız bir məqsədə xidmət edir: insanımızın öz doğma yurduna təhlükəsiz, layiqli və daimi qayıdışını təmin etmək.

Bu böyük tarixi zəfərdən sonra keçmiş məcburi köçkün statusunun fəlsəfəsi və hüquqi mahiyyəti kökündən dəyişib. Artıq heç kim məcburi köçkün deyil, hər bir kəs öz doğma torpaqlarının tamhüquqlu sahibidir. Bu baxımdan, dövlətin müəyyən etdiyi strateji plan daxilində mərhələli şəkildə həyata keçirilən köçürülmə prosesinə qarşı süni narazılıq yaratmaq, "niyə getməliyəm", "mənə Bakıda yer verilsin" kimi iddialarla çıxış etmək heç bir məntiqə və vətəndaşlıq əxlağına sığmır. Unutmaq olmaz ki, o torpaqlar boş qalsın, viranəlik kədəri davam etsin deyə azad olunmayıb. Azərbaycan dövləti milyardlarla vəsait xərcləyərək həmin əraziləri minalardan təmizləyir, yenidən qurur və insan həyatı üçün ən yüksək standartlara cavab verən şərait yaradır. Belə bir monumental fəaliyyətin fonunda fərdi rahatlığı bəhanə edərək sosial şəbəkələrdə, xüsusilə də TikTok kimi platformalarda hay-küy salmaq, məsələni ucuz bir şouya çevirmək dövlətin çəkdiyi zəhmətə və ən əsası şəhidlərimizin ruhuna qarşı hörmətsizlikdir.

Bəzi vətəndaşların paytaxt Bakıda qalmaq istəməsi, regional inkişaf layihələrindən yayınmağa çalışması anlaşılan deyil. Dünyanın heç bir ölkəsində bütün əhali yalnız paytaxtda yaşamır və yaşamamalıdır. Bakı şəhərinin urbanizasiya yükü, demoqrafik sıxlığı hər kəsə məlumdur və dövlətin regional siyasəti məhz işğaldan azad olunmuş ərazilərdə güclü iqtisadi mərkəzlər yaratmaq xəttinə əsaslanır. Zəngilan bu gün logistik, kənd təsərrüfatı və turizm potensialı ilə ölkəmizin ən perspektivli regionlarından birinə çevrilir. Orada qurulan yaşayış kompleksləri Bakının bir çox massivlərindəki şəraitdən qat-qat üstün və müasirdir. Məhz buna görə də sosial şəbəkələrdə yayılan bəzi iddiaların heç bir real və obyektiv əsası yoxdur. Bu cür əsassız narahatlıqları manipulyasiya edərək ictimai rəydə neqativ fon yaratmağa çalışanlar anlamalıdırlar ki, dövlət proqramları fərdlərin anlıq kaprizlərinə görə deyil, milli təhlükəsizlik və strateji inkişaf hədəflərinə uyğun olaraq icra edilir.

Böyük Qayıdış həm də bir milli heysiyyət və ləyaqət məsələsidir. Otuz il boyunca beynəlxalq kürsülərdə, diplomatik müstəvidə hüquqlarımızın tapdandığını, soydaşlarımızın yurdsuz qaldığını bəyan etdiyimiz halda, bu gün həmin yurdlar qapılarını doğma insanlarına açarkən geri çəkilmək böyük bir təzad olardı. Hökumətin bu prosesdə nümayiş etdirdiyi qətiyyət və sistemlilik təqdir olunmalı, vətəndaşlarımız tərəfindən birmənalı şəkildə dəstəklənməlidir. Keçmiş köçkün limitindən və imtiyazlarından ömürlük istifadə etmək düşüncəsi artıq tarixə qovuşmalıdır. İndi yeni dövrün tələbi yaradıcı olmaq, qurulan şəhər və kəndlərdə məskunlaşaraq oranı canlandırmaqdır. Vətəndaş olaraq üzərimizə düşən əsas vəzifə dövlətin bu böyük humanitar və strateji layihəsinə mane olmaq yox, onun bir parçası qüruru ilə ata-baba yurdumuza sahib çıxmaq, dövlətimizə və onun rəhbərinə minnətdarlıq hissi ilə bu qayıdışı bayram etməkdir. Heç bir hay-küy və süni narazılıq cəhdi Azərbaycanın bu tarixi qayıdış iradəsini sarsıda bilməz və hər bir soydaşımız dövlətin müəyyən etdiyi plan daxilində öz layiqli yerini tutmalıdır.

Əli Səfərli,

NOCOMMENT.az