Göygöldə güclü leysan və sel: Sürücülər və turistlər çarəsiz qaldı

Göygöldə güclü leysan və sel: Sürücülər və turistlər çarəsiz qaldı

Azərbaycanın qərb bölgəsində hava şəraitinin kəskinləşməsi regional infrastruktura və turizm fəaliyyətinə ciddi təsir göstərib. Göygöl rayonu ərazisində qəfildən başlayan güclü leysan yağışları fəsadlara yol açıb.

NOCOMMENT.az xəbər verir ki, rayona yağan intensiv yağışlar nəticəsində yolları sel suları basıb. Dağlıq relyefdən gələn güclü sel dalğaları magistral və daxili yollarda hərəkəti iflic edib, nəticədə sürücülər yollarda çətin anlar yaşayıblar. Bir çox avtomobilin hərəkəti tamamilə məhdudlaşıb.

Təbii fəlakət eyni zamanda rayona gələn yerli və xarici qonaqlardan da yan keçməyib. Göygöl Milli Parkına gəzintiyə və istirahətə gələn çoxsaylı turistlər güclü leysan və sel səbəbindən ərazidə köməksiz vəziyyətdə qalıb, çətin anlar keçiriblər. Hazırda ərazidə hava şəraitinin fəsadlarının aradan qaldırılması və təhlükəsizliyin təmin edilməsi istiqamətində müvafiq işlərin aparıldığı bildirilir.

Sara,
NOCOMMENT.az