İstanbulun Kadıköy rayonundakı evində qəfil ürək tutmasından dünyasını dəyişən tanınmış aktrisa Ece İrtemin həyatının son dəqiqələrini əks etdirən görüntülər ortaya çıxıb. Gənc aktrisanın vəfatından az əvvəl anası ilə keçirdiyi vaxt təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki' təhlükəsizlik kamerasının görüntülərində aktrisanyn anası ilə birlikdə restoranda vaxt keçirməsi, həmçinin rəfiqəsi ilə çəkilən kadrları əks olunub. Daha sonra o, anası ilə birlikdə yaşadığı binaya daxil olub. Binaya daxil olarkən Ece İrtemin anasının qolundan tutduğu da diqqətdən qaçmayıb.
Hadisə ilə bağlı aktrisanın vəkilinin verdiyi rəsmi məlumatda bildirilir:
"Müvəkkilim Ece İrtem bu gün saat 12:00 radələrində dünyasını dəyişib. Hadisə anası ilə evdə olarkən baş verib. İlkin məlumata görə, onun infarktdan öldüyü ehtimal edilir. İstintaq davam edir. Qəti nəticə yarılma (autopsiya) hesabatı ilə aydınlaşacaq. Ətraflı məlumat hesabat açıqlananda ictimaiyyətə veriləcək".
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən başladılan araşdırmalar davam edir. Məşhur aktrisanın qəfil vəfatı sənət dünyasını və sevənlərini yasa boğub.











