Azərbaycanda davam edən qeyri-sabit hava şəraiti və intensiv yağan leysan yağışları nəqliyyat infrastrukturunda növbəti ciddi fəsadlara yol açıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) mühüm marşrut xətlərindən birində qəza vəziyyəti yaranıb.
NOCOMMENT.az xəbər verir ki, ötən gün baş verən güclü yağıntılar nəticəsində ADY-nin Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların dayandığı Novxanı stansiyasını su basıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə stansiyanın platforma hissəsinin, sərnişinlərin keçid zonalarının və relslərin ətrafının tamamilə su altında qaldığı əks olunub. Yaranmış subasma səbəbindən sərnişinlərin platformaya daxil olması və qatarlara minib-düşməsi demək olar ki, qeyri-mümkün hala gəlib. Bu vəziyyət ərazidə sərnişin sıxlığına və vətəndaşların ciddi narazılığına səbəb olub.
Güclü su kütləsinin hərəkət hissəsinə dolması Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının hərəkət qrafikinə də mənfi təsir göstərib və təhlükəsizlik məqsədilə qatarların sürət həddi minimuma endirilib.
Sara,
NOCOMMENT.az











