Qusar Rayon Mərkəzi Xəstəxanasında baş verən faciəvi ölüm hadisəsi ilə bağlı şok iddialar irəli sürülüb. Belə ki, 1993-cü il təvəllüdlü gənc ana Aygün Əfqan qızı Nemətovanın doğuşdan sonra komaya düşərək vəfat etməsi ailəsi tərəfindən həkim səhlənkarılığı və ağır cinayət faktı kimi qiymətləndirilir. Mərhumun yaxınları hadisənin sadəcə tibbi uğursuzluq deyil, xəstənin əməliyyat zamanı yerə salınaraq ağır kəllə-beyin travması alması və bu faktın gizlədilməsi olduğunu iddia edirlər.
Məsələnin mahiyyəti ilə bağlı NOCOMMENT.az-a mərhumun bibisi Məmmədova İradə İsa qızı ətraflı məlumat verib. İradə xanımın iddialarına görə, 2023-cü il yanvarın 23-də Qusar rayon xəstəxanasında əməliyyata girən qardaşı qızının vəziyyəti həkimlərin məsuliyyətsizliyi ucbatından pisləşib: "Qardaşım qızı, 1993-cü il təvəllüdlü Nemətova Aygün Əfqan qızı Qusar rayon xəstəxanasında dünyaya uşaq gətirən zaman komaya düşərək reanimasiyaya yerləşdirilmişdi. Onu Viktoriya Pirseyidova və Yelena Tağıyeva əməliyyat ediblər. Əməliyyatdan sonra qızımızın vəziyyəti axşama doğru pisləşsə də, tibb bacısının dəfələrlə zəng etməsinə baxmayaraq, həkim Viktoriya Pirseyidova gəlməyib, xəstənin vəziyyəti ilə maraqlanmayıb".

O, xəstənin komaya düşmə prosesi və həkimlərin müdaxilə etməməsi barədə bunları bildirib: "Səhər saatlarında tibb bacısı xəstənin vəziyyətinin çox ağır olduğunu, halsızlaşdığını desə də, həkim ona başqa xəstələrə baxmağı tapşırıb. Saat 1-dən axşam 9-a qədər həkimə nə qədər zəng vursalar da, gəlməyib. Axşam saat 9-da qardaşı qızımın ağzından köpük gəlib, qıcolma olub və onu reanimasiyaya qaldırıblar. Oradakı tibb bacısı bizə dedi ki, uşaq bura gələndə artıq beyni ölmüşdü, sanki suya batıb çıxmış kimi idi".
Şikayətçi xəstənin bədənindəki şübhəli yaralardan bəhs edərək uşağın yerə salındığını iddia edib: "Neyropatoloq Aynur doktor ensefaloqramma etmək istəyəndə, mən nəm salfetlə qardaşım qızının saçını təmizləyərkən başının çapıldığını və tikiş qoyulduğunu gördüm. Orada 4 dənə yara var idi. Kənddə də eşitmişdik ki, uşağımızı həkimlər əlindən yerə salıblar. Şöbə müdiri Anjela xanım mənə dedi ki, o yaralar hematomadır, sonra dedilər yataq yarasıdır. Amma yataq yarası başda olmaz. Deməli, bunlar uşağı yıxdıqlarını bilirdilər və buna görə də qorxudan xəstənin yanına gəlmirdilər".

Mərhumun yaxınları həmçinin xəstəxanadakı idarəetmə və rüşvət iddialarına da toxunublar: "TƏBİB-dən gələn baş ginekoloq Sevil doktor özü təsdiq etdi ki, Viktoriya xəstəxanada düzgün rəylər yazmayıb və xəstəni 9 ay boyunca düzgün müayinə etməyib. Uşaq martın 7-də dünyasını dəyişəndə direktor Kamran Məmmədov Viktoriyanı işdən çıxarmışdı. Lakin bir neçə ay sonra eşitdik ki, o, 30 min manat rüşvət verib işə qayıdıb. Hətta direktor prokurorluğa çağırıldıqdan sonra xəstəxanada ürəktutmasından vəfat etdi".
Məmmədova İradə xanım müstəntiq və ekspertiza rəylərindən narazılığını ifadə edərək, ədalətin bərpa olunması üçün ən ali instansiyalara müraciət etdiklərini vurğulayıb: "Ekspertizada uşağın yıxılıb zədə aldığı görülsə də, prokurorluqda bizə yanlış rəy oxudular ki, guya damar xəstəliyindən rəhmətə gedib. Biz bu yalanı qəbul etmirik. Viktoriya doktorun diplomu belə şübhəlidir. İki bala yetim qalıb. Biz Baş Prokurorluğa, Milli Məclisə, Ombudsmana və Prezidentə müraciət etmişik. Bu işin sonuna qədər gedəcəyik, haqq-ədalət yerini tapsın".
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə dəfələrlə sorğular göndərsək də, heç bir cavab verilmədi. Bununla yanaşı, adları keçən qurumların mövqeyini dərc etməyə hazırıq.
Tunar,
NOCOMMENT.az












