Rusiya tərəfindən axtarılan məşhur riyaziyyatçı saxlanıldı

Rusiya tərəfindən axtarılan məşhur riyaziyyatçı saxlanıldı

Ermənistanın paytaxtındakı "Zvartnots" beynəlxalq hava limanında səs-küylü və böyük siyasi qalmaqala yol açacaq həbs hadisəsi baş verib. Rusiya Daxili İşlər Nazirliyi tərəfindən rəsmən beynəlxalq axtarışa verilən tanınmış riyaziyyatçı, professor və blogger Mixail Verbitski Ermənistan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, hadisə barədə məlumatı ilk olaraq onun vəkili və yaxın dostları sosial şəbəkələrdə paylaşıblar. Rusiya hüquq-mühafizə orqanları Mixail Verbitskiyə qarşı Rusiya Federasiyası Cinayət Məcləsinin müvafiq maddəsi ilə (terrorizmə açıq çağırışlar etmə və terrora bəraət qazandırma) cinayət işi açıb və o, uzun müddətdir ölkə xaricində mühacirətdə yaşayırdı. Rəsmi Moskva onun barəsində federal və beynəlxalq axtarış elan etməklə yanaşı, həm də onu "terrorçular və ekstremistlər" siyahısına daxil etmişdi.

Bu həbs Ermənistanda ciddi daxili və beynəlxalq rezonans doğurub. Çünki bir müddət əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan və hökumət rəsmiləri şəxsən bəyanat verərək, ölkə ərazisində siyasi motivlərlə təqib olunan, xüsusilə Rusiya tərəfindən axtarışa verilən şəxslərin saxlanılmayacağına və üçüncü dövlətlərə təhvil verilməyəcəyinə dair "şəxsi zəmanət" vermişdilər. Verbitskinin hava limanında qəfil qandallanması İrəvanın verdiyi vədlərə sadiq qalmadığını və pərdəarxası olaraq Rusiya kəşfiyyatı və hüquq-mühafizə orqanları ilə hələ də koordinasiyalı işlədiyini ortaya qoyub.

Məlumat üçün qeyd edək ki, Mixail Verbitski Harvard Universitetinin doktorantı olub, Rusiyanın bir çox nüfuzlu ali təhsil ocaqlarında, o cümlədən İqtisadiyyat Ali Məktəbində (VŞE) riyaziyyat kafedrasında dərs deyib. O, həmçinin internet məkanında (Runet) kütləvi populyarlıq qazanmış "Tifaretnik" bloq platformasının yaradıcısı kimi tanınır. Hazırda onun Rusiyaya ekstradisiya edilib-edilməyəcəyi ilə bağlı məhkəmə öncəsi hüquqi prosedurların başladığı bildirilir.