Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyev şəhərinə görünməmiş miqyasda kütləvi raket və pilotsuz uçuş aparatı (PUA) zərbələri endirib. Hücum nəticəsində şəhərin mühüm tarixi, mədəniyyət və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib, güclü yanğınlar baş verib.
NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, zərbələr nəticəsində pravoslav dünyasının ən mühüm ziyarətgahlarından biri sayılan Kiyev-Peçer lavrasında yanğın başlanıb. Alov lavranın əsas məbədi olan Uspenski kafedralının dam örtüyünü tamamilə bürüyüb. Yanğının sahəsi qısa müddətdə 800 kvadratmetrə çatıb. Hadisə yerindən müqəddəs reliktlərin, qədim ikonaların və dini ibadət əşyalarının təcili təxliyəsi (evakuasiyası) təşkil olunub.
Ukraynanın 100 minlik tarixi geyim kolleksiyası məhv edildi
Hücum zamanı həmçinin Aleksandr Dovjenko adına Milli Kinostudiya da birbaşa hədəfə gəlib. Zərbə nəticəsində studiyanın geyim sexi tamamilə yanıb. Ukraynanın mədəniyyət naziri Tatyana Berejnaya məsələ ilə bağlı etdiyi rəsmi bəyanatda böyük itkini belə təsvir edib:
"Ukraynanın ən böyük və ən qədim tarixi geyim kolleksiyası tamamilə məhv edilib. Studiyanın anbarlarında 100 minə yaxın unikal tarixi kostyum və 3 milyona yaxın geyim nümunəsi qorunurdu".
Paytaxt qaranlığa qərq oldu: Ölənlər və yaralılar var
Hava hücumu Kiyevin bütün 10 rayonundakı yaşayış binalarına ziyan vurub. Logistik və mülki infrastruktura dəyən zərbələr nəticəsində təxminən 140 min sakin işıqsız qalıb. Son rəsmi məlumatlara görə, kütləvi bombardman nəticəsində 4 dinc sakin həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin yaydığı rəsmi hesabata görə, iyunun 15-nə keçən gecə Rusiya ordusu Ukrayna ərazisinə ümumilikdə 70 raket və 611 müxtəlif tipli PUA fırladıb. Onlardan 50 raket və 582 pilotsuz aparat Ukrayna hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə (REM) vasitələri ilə zərərsizləşdirilib. Bununla belə, 20 ballistik raket və 27 zərbə dronu ölkə üzrə 42 fərqli lokansiyada hədəflərə dəyib, vurulan aparatların qalıqları isə daha 12 nöqtədə dağıntılara yol açıb.
Sara,










