Milli dövlətçiliyin ŞAH ƏSƏRİ: Heydər Əliyevin qurtuluş fəlsəfəsi və ZƏFƏR SSENARİSİ

Milli dövlətçiliyin ŞAH ƏSƏRİ: Heydər Əliyevin qurtuluş fəlsəfəsi və ZƏFƏR SSENARİSİ

Azərbaycan xalqının çoxəsrlik tarixində elə taleyüklü mərhələlər var ki, onlar sadəcə bir təqvim dəyişikliyi deyil, bütöv bir millətin varolma, yenidən doğulma və tarixin amansız sınaqlarından qalibiyyətlə çıxma salnaməsidir.

Bu salnamənin müəllifi, müasir Azərbaycan dövlətinin qurucusu və xilaskarı Ulu Öndər Heydər Əliyevdir. İyun ayının 15-i xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olunarkən, bu tarix sadəcə bir hakimiyyət dəyişikliyini deyil, uçurumun kənarından dönən, parçalanmaqda olan bir ölkənin intibahının başlanğıc nöqtəsini ifadə edirdi. Qurtuluş fəlsəfəsini dərindən dərk etmək üçün isə Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində atdığı titanik addımlara, xalqın milli-mənəvi intibahı üçün hazırladığı möhkəm təməllərə nəzər salmaq zəruridir.

Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərliyə gəlişi, mahiyyətcə, sovet imperiyasının çərçivələri daxilində gizli bir milli dövlətçilik layihəsinin icrasına başlanılması demək idi. Həmin dövrdə aqrar və geridə qalmış bir respublika təəssüratı bağışlayan Azərbaycan, dahi rəhbərin sarsılmaz iradəsi, uzaqgörən iqtisadi və siyasi gedişləri sayəsində ittifaqın ən qabaqcıl sənaye, mədəniyyət və elm mərkəzlərindən birinə çevrildi.

Heydər Əliyev Azərbaycan xalqının Qurtuluş mübarizəsinin qalibidir | Kaspi.az

Müasir zavod və fabriklərin tikilməsi, neft strategiyasının ilk gizli konturlarının cızılması, ən əsası isə gələcəkdə müstəqil ordumuzun onurğa sütununu təşkil edəcək hərbi kadrların yetişdirilməsi üçün Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması Heydər Əliyevin gələcək müstəqilliyə hesablanmış strateji gedişləri idi. O, yüzlərlə azərbaycanlı gənci ittifaqın ən nüfuzlu ali məktəblərinə göndərməklə, milli elitanın, intellektual potensialın bünövrəsini qoydu.

70-80-ci illərin inkişaf dinamikası Azərbaycanı gələcək dövlət müstəqilliyinin iqtisadi və sosial infrastrukturuna sahib etdi. Ulu Öndər sovet rejiminin ən sərt çağlarında belə Azərbaycan dilinin dövlət dili statusunu qorumasına nail olmaqla, milli şüurun sarsılmasının qarşısını aldı.

Heydər Əliyev fenomeni - Milli Qurtuluşun təntənəsi | Azərbaycan Respublikası Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti


Lakin 90-cı illərin əvvəllərində Azərbaycanda baş verən hadisələr, qazanılmış bu böyük potensialın necə amansızcasına məhv edildiyini göstərdi. SSRİ-nin süqutundan sonra ölkədə yaranmış xaos, Ermənistanın işğalçılıq siyasəti və daxildəki səriştəsiz rəhbərlik dövləti iflic vəziyyətinə salmışdı. Xüsusilə 1992-1993-cü illərdə ölkəni idarə edən AXC-Müsavat cütlüyünün hakimiyyəti Azərbaycan tarixinə qara hərflərlə yazıldı.

Heydər Əliyevin xilaskarlıq missiyası:



Siyasi savadsızlıq, dövlət idarəçiliyindən bixəbərlik və şəxsi ambisiyalar ölkəni vətəndaş müharibəsinin astanasına gətirdi. Anti-milli qüvvələrin daxili çəkişmələri, Gəncədə qardaş qırğınına yol açan təxribatları, ordunun cəbhə xəttini buraxaraq Bakıda taxt davasına qoşulması ölkəni tamamilə müdafiəsiz qoydu. Bu cinayətkar laqeydliyin və xəyanətin bədəlini isə xalqımız torpaqlarımızın itirilməsi, Şuşanın, Laçının, Kəlbəcərin işğalı ilə ödədi. İqtisadiyyat tamamilə çökmüş, inflyasiya astronomik həddə çatmış, dövlət xəzinəsi talan edilmişdi. Ölkədə qanun deyil, silahlı bandalar, reket qrupları hökm sürürdü. Azərbaycan bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək və bir neçə hissəyə parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı.

Heydər Əliyevin Gəncə səfəri Azərbaycanı parçalamaq istəyənlərin arzusunu ürəyində qoydu | Xalq Qəzeti


Məhz belə bir qaranlıq və ümidsiz məqamda xalq öz yeganə xilaskarını – Heydər Əliyevi Bakıya dəvət etdi. 1993-cü il iyunun 15-də Ulu Öndərin Ali Sovetin sədri seçilməsi ilə Azərbaycanın dövlətçilik tarixində yeni bir era – Qurtuluş erası başladı. Bu qayıdış həm də bir millətin ölüm hökmünün yırtılıb atılması idi. Böyük strateq Bakıya gələn kimi ilk növbədə daxili sabitliyi təmin etdi, qardaş qırğınının qarşısını aldı, qanunsuz silahlı birləşmələri zərərsizləşdirərək dövlətin rəsmi institutlarını bərpa etdi. Cəbhədə atəşkəsə nail olunduqdan sonra isə dövlətin gələcək iqtisadi müstəqilliyinin qarantı olan "Əsrin müqaviləsi" imzalandı. Heydər Əliyev dühası Azərbaycanı beynəlxalq təcrid olunmaqdan xilas etdi, ölkəyə böyük investisiya axınını təmin etdi və nizami ordunun qurulması prosesinə start verdi. O, 1993-cü ildə dağılmış, parçalanmış, ümidini itirmiş bir ölkədən qüdrətli və dayanıqlı bir dövlət mexanizmi yaratmağı bacardı.

Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: “20 Yanvar hadisələrinə siyasi qiymət məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verildi”. » xezertv.info


Bu gün qürurla baxdığımız müstəqil, suveren və güclü Azərbaycan məhz Heydər Əliyev siyasətinin təntənəsidir. Çünki Ulu Öndər tərəfindən qoyulan o möhkəm təməl, onun siyasi kursunun ən layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən zərgər dəqiqliyi və böyük uzaqgörənliklə inkişaf etdirildi. Dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan son iyirmi ildə iqtisadi, diplomatik və hərbi sahədə elə bir qüdrət topladı ki, qarşımızda duran ən çətin tarixi missiyanı yerinə yetirmək qaçılmaz oldu. İqtisadi müstəqilliyin təmin edilməsi, müasir ordu quruculuğu, beynəlxalq arenada qazanılan möhkəm mövqelər və gənc nəslin yüksək vətənpərvərlik ruhunda tərbiyə olunması bizi addım-addım o böyük hədəfə yaxınlaşdırırdı.

44 günlük müharibə: Azərbaycan və Ermənistanın itkilərinin nisbəti – MONİTORİNQ – CASPIAN DEFENSE


2020-ci ilin payızında baş verən 44 günlük Vətən müharibəsi və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər, Heydər Əliyev siyasi məktəbinin və strategiyasının məntiqi nəticəsi, ən ali zirvəsi oldu. Rəşadətli Azərbaycan Ordusu otuz illik işğala son qoyaraq, xalqımızın qəddini dikəltdi, tarixi ədaləti bərpa etdi. Şuşada ucaldılan şanlı bayrağımız, Xankəndidə, Xocalıda dalğalanan üçrəngli hilalımız bütövlüyümüzün və tam suverenliyimizin rəmzinə çevrildi.

İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və çıxış edib | Azərbaycan Respublikası Laçın Rayon İcra Hakimiyyəti



Bu möhtəşəm qələbə dahi rəhbərin vəsiyyətinin onun layiqli davamçısı tərəfindən ən yüksək səviyyədə yerinə yetirilməsi idi. Bu gün Qurtuluş Gününün ruzi-bərəkəti və ruhu işğaldan azad edilmiş Qarabağda, Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işlərində, yenidən doğulan şəhər və kəndlərimizdə yaşayır. Azərbaycan artıq regional proseslərin diktə edən tərəfi, qlobal miqyasda söz sahibi olan güclü bir dövlətdir. Ulu Öndərin canından artıq sevdiyi Azərbaycan artıq bütövdür, suverəndir və sarsılmazdır. Bu böyük tarixi həqiqət bir daha sübut edir ki, Heydər Əliyev yolu Azərbaycanın əbədi və dəyişməz nicat yoludur.

Əli Səfərli,
NOCOMMENT.az