Son günlər Azərbaycanda pomidor bazarında müşahidə olunan qiymət enişi həm alıcıların, həm də fermerlərin diqqət mərkəzindədir. Əgər bir neçə həftə əvvəl bazarlarda pomidorun kiloqramı 1-2 manata satılırdısa, hazırda bir çox satış məntəqələrində qiymətlər 50-60 qəpiyə, bəzi hallarda isə 30 qəpiyə qədər düşüb.
Hətta sosial şəbəkələrdə yayılan görüntülərdə satılmayan pomidorların yeşiklərlə çox ucuz qiymətə, bəzən isə demək olar ki, maya dəyərindən aşağı satıldığı əks olunur.
Fermerlər bildirirlər ki, məhsul bolluğu və satış imkanlarının məhdudlaşması səbəbindən pomidoru sahələrdən 20-30 qəpiyə satmağa məcbur qalırlar. Bu vəziyyət bir tərəfdən alıcılar üçün sərfəli görünsə də, digər tərəfdən kənd təsərrüfatı istehsalçıları üçün ciddi maliyyə itkiləri yaradır.
Bəs pomidorun qiymətindəki kəskin ucuzlaşmanın əsas səbəbləri nədir? Bu tendensiya müvəqqəti xarakter daşıyır, yoxsa qiymətlər uzun müddət aşağı səviyyədə qalacaq? Mövcud vəziyyət fermerlərə və istehlakçılara necə təsir edəcək?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli danışıb.

İqtisadçının fikrincə, pomidorun ucuzlaşmasının əsas səbəbi Rusiyada da qiymətlərin kəskin şəkildə aşağı düşməsi ilə bağlıdır:
"Hazırda Rusiyada təxminən 10 kiloqramlıq bir yeşik pomidorun topdansatış qiyməti 600 rubla qədər enib. Bu isə çox ucuz qiymət hesab olunur və təxminən 1 manat - 1 manat 10 qəpik civarına uyğun gəlir. Hətta bazarda 12-13 kiloqramlıq, 15 kiloqramlıq yeşiklər də bu qiymətlərə təklif olunur.
Rusiyada qiymətlərin aşağı düşməsi səbəbindən Azərbaycan istehsalçıları üçün həmin bazara məhsul göndərmək əvvəlki qədər sərfəli deyil. İxracın rentabelliyi azaldığına görə məhsulun böyük hissəsi daxili bazara yönəldilib. Daxili bazarda isə pomidorun həcmi artdıqca, yəni bazara çıxarılan məhsul çoxaldıqca qiymətlər də təbii olaraq aşağı düşür. Bundan əlavə, bu il məhsuldarlıq kifayət qədər yüksək olub. Bu amil də qiymətlərin enməsinə ciddi təsir göstərib. Beləliklə, əsas səbəblərdən biri Rusiya bazarında baş verən dəyişikliklərdir".
"Bəs Rusiyada qiymətlər niyə düşüb?" sualını isə iqtisadçı bu cür cavablandırıb:
"Bunun əsas səbəbi odur ki, Rusiya artıq özü də iri pomidor istehsalçısına çevrilib. Xüsusilə Kuban bölgəsində və Krasnodar vilayətində çox böyük pomidor təsərrüfatları və plantasiyalar yaradılıb. Həmin təsərrüfatlar artıq daxili bazarı yerli istehsal hesabına təmin edir və istehsal etdikləri məhsulları geniş şəkildə bazara çıxarırlar. Nəticədə idxala ehtiyac azalır və qiymətlər aşağı düşür. Bu vəziyyət bir daha həmin məsələni aktuallaşdırır ki, Azərbaycan öz məhsulları üçün alternativ bazarlara çıxış əldə etməlidir. Azərbaycan pomidoru kifayət qədər keyfiyyətli məhsuldur. Əgər normal logistika imkanları və etibarlı ticarət əlaqələri qura bilsəydik, bu gün həmin pomidoru Avropa bazarlarında, eləcə də Ərəb və Körfəz ölkələrində daha yüksək qiymətə sata bilərdik.
Bizim ən zəif nöqtəmiz ondan ibarətdir ki, kənd təsərrüfatı məhsullarının ixracında Rusiya bazarından həddindən artıq asılı vəziyyətdəyik. Rusiyada qiymətlər dəyişən kimi Azərbaycan bazarında da öz təsirini dərhal göstərir".\\musavat.com










