Türkiyənin Qara dəniz sahillərində, Amasra şəhərinin Çakraz çimərliyində son beş gündə ikinci dəfə pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.
NOCOMMENT.az yerli mediaya istinadən xəbər verir ki, PUA dalğalar vasitəsilə sahilə çıxarılıb. Hadisə yerinə gələn jandarma əməkdaşlarının ilkin baxışı zamanı aparatda hər hansı döyüş sursatının olmadığı müəyyənləşdirilib. PUA-nın konstruksiyasının köpükplastdan (penoplast) hazırlandığı və uzun müddət suda qaldığı üçün ciddi şəkildə zədələndiyi bildirilir. Aparat ekspertiza üçün Ankaraya göndərilib.
Xatırladaq ki, iyunun 14-də eyni qara dəniz xəttində, qonşu Kurucaşile rayonunun Kaspsuyu çimərliyində də oxşar bir pilotsuz uçuş aparatı tapılmışdı. Həmin vaxt hüquq-mühafizə orqanlarının əməkdaşları təhlükəsizlik tədbirləri çərçivəsində dincələn vətəndaşları sahildən təxliyə etmişdilər.












