Yevlaxda yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub.
NOCOMMENT.az -ın yerli bürosu xəbər verir ki, 83 yaşlı Mikayılova Nərgiz Savalan qızına məxsus, şəhərin S.Vurğun küçəsi bina 15/20 ünvanında yerləşən ümumi sahəsi 80 kvadratmetr olan 4 otaqlı mənzilin 20 kvadratmetr sahəsi yanar konstruksiyaları və içərisindəki əşyalarla birlikdə yanıb.
Yanğın nəticəsində mənzilin sahibi ölüb, Yevlax şəhər sakinləri, 60 yaşlı Vahabova Yasəmən Mayıl qızı və 58 yaşlı Mehdiyev Kamran Mayıl oğlu xəsarət alıblar.
Yanğın zamanı ölən Mikayılova Nərgiz Savalan qızı Birinci Qarabağ müharibəsinin şəhidi Mehdiyev Məhəmmədəli Mayıl oğlunun anasıdır. Xəsarət alanlar isə şəhidin qardaşı və bacısıdır.
***11:16
Yevlaxda yanğın hadisəsi baş verib.
NOCOMMENT.az APA-ya istinadla xəbər verir ki, şəhər ərazisində evdə baş vermiş yanğın nəticəsində bir nəfər ölüb, iki nəfər yanıq xəsarətləri alıb.
Xəsarət alanlar Yevlax Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.
Yevlax RMX-nin ictimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, dekabrın 5-də saat 01:20-də 2 nəfər (1 kişi, 1 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yanıq xəsarətləri alan pasiyentlərə tibbi yardım göstərilib. Onlardan 1965-ci təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
1967-ci il təvəllüdlü digər şəxs isə (kişi) daha ixtisaslı tibbi yardım almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.
Faktla bağlı araşdırma aparılır.











