Hansı universitetlərin diplomları beynəlxalq əmək bazarında daha çoxşaxəli imkan yaradır? – EKSPERTbackend

Hansı universitetlərin diplomları beynəlxalq əmək bazarında daha çoxşaxəli imkan yaradır? – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ali təhsilə çıxış imkanları, dövlət sektorunda karyera qurmaq üçün tələb olunan akademik meyarlar və xaricdə iş imkanları baxımından diplomların tanınması məsələləri son illərdə dəyişən reallıqlar fonunda daha aktual müzakirə mövzusuna çevrilib. İqtisadi strukturun dəyişməsi, rəqabət mühitinin artması, əmək bazarında bacarıq əsaslı seçimlərin güclənməsi və beynəlxalq əməkdaşlıqların genişlənməsi ali təhsilin mahiyyətinə və funksiyasına da yenidən baxmağı zəruri edir.

Bu barədə NOCOMMENT.az-a müsahibəsində təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov

Bu çərçivədə üç əsas istiqamətdə ciddi təhlil aparmaq mümkündür: hansı universitetlərin diplomları beynəlxalq əmək bazarında daha çoxşaxəli imkan yaradır, dövlət sektorunda magistr təhsilinin rolu nə qədər vacibdir və ali təhsil almaq üçün mövcud şərait əvvəlki illərlə müqayisədə necə dəyişib.

Beynəlxalq əmək bazarında diplomların tanınması ilk növbədə universitetin akkreditasiyası, tədris keyfiyyəti, beynəlxalq reytinqlərdə yeri və əmək bazarı ilə əlaqələrinin gücündən asılıdır. Hazırda dünyanın inkişaf etmiş ölkələrində işəgötürənlər tərəfindən qəbul edilən əsas göstəricilərdən biri də məzunun hansı universiteti bitirdiyi və bu universitetin hansı beynəlxalq reytinq sisteminə daxil olduğudur.

QS World University Rankings və Times Higher Education kimi sistemlərdə ilk 200-lükdə olan universitetlərin diplomları daha çox ölkədə problemsiz tanınır. Məsələn, ABŞ-da Harvard, MIT, Stanford; Böyük Britaniyada Oxford, Cambridge, LSE; Almaniyada TU München, RWTH Aachen; Kanadada Toronto, McGill və Avstraliyada Sydney, Melbourne kimi universitetlərin diplomları ilə qlobal miqyasda həm dövlət, həm özəl sektorda iş tapmaq mümkün olur. Bunun əksi olaraq, reytinqi olmayan, akkreditasiyası zəif olan və beynəlxalq əməkdaşlıqları məhdud olan universitetlərin məzunları diplom tanınması və məşğulluq baxımından daha çox çətinliklə üzləşir. Bu baxımdan Azərbaycan universitetlərinin əksəriyyəti beynəlxalq tanınma və rəqabətlilik baxımından hələ də zəif mövqedədir. CWTS Leiden, THE və ya QS reytinqlərində olan universitetlərimizin sayı məhduddur, akademik məhsuldarlıq isə aşağıdır. Əgər bu vəziyyət dəyişməsə, Azərbaycanda verilən diplomların xarici əmək bazarında çoxşaxəli istifadə imkanları məhdud olaraq qalacaq.

Dövlət sektorunda işləmək üçün magistr təhsilinin vacibliyi isə struktur islahatları fonunda daha da artmaqdadır. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən, rəhbər vəzifələrə təyin ediləcək şəxslərin müvafiq ixtisas səviyyəsində təhsil alması tələb olunur. Əməliyyat və texniki səviyyəli vəzifələr üçün bakalavr yetərli sayılır, lakin idarəetmə, planlaşdırma və strateji qərar qəbuletmə funksiyalarını yerinə yetirəcək vəzifələr üçün magistr dərəcəsi artıq zəruri şərtə çevrilməkdədir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən dövlət qulluğu müsabiqələrinin nəticələri göstərir ki, yüksək balla namizəd olanların əksəriyyəti magistr dərəcəsinə sahib şəxslərdir. Əlavə olaraq, dövlətin xarici tərəfdaşlarla (BMT, Aİ, Dünya Bankı) işlədiyi layihələrdə iştirak edən əməkdaşlardan da çox zaman magistr təhsili tələb olunur. Bu, dövlət sektorunda analitik və strateji bacarıqlara artan tələbatın göstəricisidir. Belə bir reallıqda magistr dərəcəsi olmayan şəxslər dövlət sistemində orta və yuxarı səviyyəli vəzifələrə yüksəlməkdə ciddi məhdudiyyətlərlə qarşılaşırlar. Bu da ali təhsilin ikinci pilləsinə marağı artırır və dövlət sektorunda rəqabətə dayanıqlı olmaq üçün magistr təhsilini faktiki olaraq vacib edir.

işsiz_işaxtaran

Ali təhsilə çıxış imkanlarına gəldikdə isə əvvəlki illərlə müqayisədə müsbət dinamika müşahidə olunur. Son 10 ildə qəbul planlarında dövlət sifarişi yerlərinin sayı artırılıb, DİM-in idarəetmə sistemində elektron müraciət və şəffaflıq təmin olunub, regionlarda yeni universitet filialları və kolleclər açılıb. Eyni zamanda təhsil tələbə kreditləri fondu fəaliyyətə başlayıb və bu, aztəminatlı ailələrin övladlarına ali təhsil imkanı yaradıb. 2023-cü ildə təhsil tələbə kreditindən 12 minə yaxın tələbə faydalanıb. Bu, maliyyə baxımından təhsilə çıxışda mühüm addımdır. Lakin ali təhsilin əlçatanlığı artdığı halda, keyfiyyət göstəricilərində paralel irəliləyiş müşahidə olunmur. Bəzi universitetlərdə müəllim başına düşən tələbə sayı normadan artıqdır, infrastruktur köhnədir, müasir metodologiyalar və rəqəmsal resurslar məhduddur. Həmçinin, ixtisas seçimi zamanı əmək bazarının real tələbatı ilə universitetlərin verdiyi ixtisaslar arasında uyğunluq zəifdir. Bu isə ali təhsil diplomuna sahib olan, lakin bacarıqsız və işsiz gənclər ordusunun artmasına səbəb olur.

Dünya təcrübəsində ali təhsilin keyfiyyəti yalnız diplom verməklə yox, məzunun bacarığı və məşğulluq səviyyəsi ilə ölçülür. Məsələn, Almaniyada ali təhsil əsasən praktiki yönümlüdür və tələbələr təhsil aldıqları dövrdə əmək bazarına hazırlanırlar. Finlandiyada universitetlər əmək bazarı ilə sıx əlaqəli fəaliyyət göstərir və işəgötürənlərlə birgə kurikulum hazırlanır. Sinqapurda isə tələbələrin ali təhsilə çıxışı təqaüdlərlə dəstəklənir, amma keyfiyyətə ciddi nəzarət var və nəticələrə görə universitetlərin reytinqi hər il yenilənir.

təhsil

Azərbaycanda bu istiqamətlərdə dəyişiklik edilməzsə, ali təhsil yalnız diplom üçün alınan və nəticədə sosial məyusluq doğuran bir sistem olaraq qalacaq. Əgər universitetlər beynəlxalq reytinq sistemlərinə qoşularsa, xarici tərəfdaşlı proqramlar artarsa, dövlət sektorunda magistr təhsilinə rəsmi üstünlük verilməsi davam edərsə və ali təhsilə çıxış imkanları ilə yanaşı keyfiyyət də artırılsa, bu, həm yerli, həm də beynəlxalq əmək bazarında Azərbaycan vətəndaşlarının uğur şansını çoxaldacaq.

Ağcabədi Pedoqoji Universiteti

Nəticə etibarilə, ali təhsilin həm diplomla işəgötürən arasında körpü rolunu oynaya bilməsi, həm də dövlət sektorunda bilik əsaslı idarəetməyə keçidi təmin etməsi üçün sistemin bütün komponentləri – keyfiyyət, maliyyə dəstəyi, tədris planları və qiymətləndirmə mexanizmləri – müasirləşdirilməli və dünya təcrübəsi ilə uyğunlaşdırılmalıdır. Əks halda, diplom sayının çoxalması, bacarıqlı insan sayının artmasına gətirib çıxarmayacaq.

Aişə Abdulova