NOCOMMENT.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə Xızı rayonu, Giləzi qəsəbəsinin yaxınlığında açıq sahədə sursat aşkar olunması barədə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu əraziyə cəlb olunub.
Pirotexniklər polis əməkdaşları ilə birgə ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirdikdən sonra aşkar olunmuş sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, 1 ədəd “Qrad” BM-21 mərmisidir.
Sursat pirotexniklər tərəfindən götürülüb Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mərkəzi məhvetmə ərazisinə daşınaraq, müvafiq qaydada zərərsizləşdirilib.
Təkrar baxış zamanı sursatın tapıldığı ərazidə digər şübhəli əşya aşkar edilməyib.
















