Türkiyənin "Fenerbahçe" klubunda Əziz Yıldırımın yenidən prezident postuna qayıtması ilə komandadakı ulduz futbolçuların gələcəyi böyük sual altına düşüb. Bu çərçivədə ən diqqətçəkən iddia sarı-lacivərdlilərin təcrübəli yarımmüdafiəçisi N'Qolo Kante ilə bağlıdır.
NOCOMMENT.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransa Liqası təmsilçilərindən olan "Paris FC" ulduz futbolçunun transferi üçün ciddi şəkildə hərəkətə keçib. Fransız klubu təcrübəli yarımmüdafiəçini heyətinə qatmaq üçün "Fenerbahçe"yə yeni və rəsmi bir təklif irəli sürüb.

Lakin İstanbul təmsilçisinin rəhbərliyi "Paris FC"nin bu rəsmi müraciətinə hələlik nə müsbət, nə də mənfi bir cavab verməyib. Əziz Yıldırımın rəsmi olaraq mandatını (mazbata) almasından sonra, yaxın günlərdə komandanın yeni mövsüm planlamasının və gələn bütün təkliflərin tək-tək dəyərləndiriləcəyi bildirilir. İstanbul klubunun azarkeşlərini məyus edən əsas məqam isə Kante cəbhəsindən gələn xəbər olub. İddialara görə, 35 yaşlı təcrübəli yarımmüdafiəçi yenidən vətəninə qayıtmağa və komandadan ayrılmağa olduqca isti baxır. Qeyd edək ki, "Fenerbahçe" ilə 2028-ci ilə qədər müqaviləsi olan fransız ulduz ötən mövsüm meydana çıxdığı 18 rəsmi matçda 2 qolla yadda qalıb.
Sara,
NOCOMMENT.az












