UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
NOCOMMENT-in məlumatına görə, bu raundun son oyununda İngiltərənin “Mançester Siti” klubu ilə Fransa “Lion”u üz-üzə gəlib. Qarşılaşma Portuqaliyanın paytaxtı Lissabondakı “Joze Alvalade” stadionunda baş tutub.
Oyunda 3:1 hesabı ilə qələbə qazanan “Lion” yarımfinala yüksəlib.
Görüşdə hesab 24-cü dəqiqədə açılıb. “Lion”un heyətində Maksvel Korne fərqlənib. Birinci hissədə qapılara başqa qol vurulmayıb. İngiltərə təmsilçisi 69-cu dəqiqədə hesabı bərabərləşdirə bilib. Kevin De Brüne dəqiq oynayıb. “Şəhərlilər” 10 dəqiqə sonra yenidən mərkəzə dəvət olunub. Meydana yeni daxil olan Mussa Dembele “Lion”u önə keçirib. 24 yaşlı hücumçu 87-ci dəqiqədə özünün ikinci, komandasının isə üçüncü qoluna imza atıb.
“Lion” yarımfinalda “Barselona”nı (İspaniya) 8:2 hesabı ilə darmadağın edən Almaniya “Bavariya”sı ilə qarşılaşacaq.
Qeyd edək ki, yarımfinalın digər oyununda isə PSJ (Fransa) və “Leyptsiq” (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunlar 18-19 avqust tarixlərində keçiriləcək.












