İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor UFC 329 turnirində Maks Holloueyə məğlub olduqdan sonra vəziyyəti ilə bağlı ilk açıqlamasını verib.
İrlandiyalı döyüşçü "X" sosial şəbəkəsində paylaşım edərək döyüş zamanı ağır zədə aldığını bildirib. Onun sözlərinə görə, qarşılaşmaya qədər heç bir sağlamlıq problemi olmayıb və hazırlıq prosesi boyunca özünü tam formada hiss edib.
"Başım sanki sıradan çıxmış mühərrik kimidir, tamamilə dayanmışam. O, darmadağın olub. Döyüşdən əvvəl heç bir zədəm yox idi. Bütün təlim-məşq toplanışı zamanı, eləcə də oktaqona çıxmazdan əvvəl pərdəarxasında heç bir problem olmadan təpik vurur, tullanır və hərəkət edirdim. Bu, gözlənilmədən baş verdi. Zülmət içindəyəm. Bunu yalnız cəhənnəm kimi təsvir edə bilərəm", - deyə Konor Makqreqor yazıb.
NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, UFC prezidenti Dana Uayt da mətbuat konfransında döyüşçünün zədəsi ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Konor Makqreqor görüşün ilk saniyələrində dizindən xəsarət alıb və hər dəfə ayağa qalxaraq zərbə endirməyə çalışdıqda yenidən yerə yıxılıb.
Dana Uayt bildirib ki, ilkin ehtimala əsasən, irlandiyalı idmançının dizinin ön çarpaz bağı qopub.
"Mən ilk raundda amansız bir döyüş gözləyirdim. Beşillik fasilədən sonra Konorun nəyə qadir olduğunu kimsə dəqiq deyə bilməzdi. İndi isə biz ön çarpaz bağın qopduğunu ehtimal edirik. Mən həkim deyiləm, amma hadisə baş verən an ilk ağlıma gələn bu oldu və sonradan tibbi heyət də fikrimlə razılaşdığını bildirdi", - deyə UFC prezidenti vurğulayıb.
Xatırladaq ki, Las-Veqasda keçirilən UFC 329 turnirində Konor Makqreqor Maks Holloueyə texniki nokautla məğlub olub. Qeyd edək ki, 37 yaşlı irlandiyalı döyüşçünün peşəkar MMA karyerasında 22 qələbə və 7 məğlubiyyət var.










