Mbappeni təhqir etdiyinə görə məhkəməlik oldu

Mbappeni təhqir etdiyinə görə məhkəməlik oldu

Fransa Futbol Federasiyası (FFF) Paraqvay senatoru Seleste Amariliyanın Fransa millisinin hücumçusu Kilian Mbappe barədə səsləndirdiyi qalmaqallı fikirlərə sərt reaksiya verib.

NOCOMMENT.az xəbər verir ki, Federasiya yaydığı rəsmi bəyanatda senatorun istifadə etdiyi ifadələrin qəbuledilməz, irqçi və qanunazidd olduğunu bildirib. Qurum bu məsələ ilə bağlı hüquqi prosedura başlanılması üçün prokurorluğa müraciət edəcəyini açıqlayıb.

FFF vurğulayıb ki, Kilian Mbappeyə qarşı səsləndirilən bu cür təhqirlər təkcə futbolçuya deyil, Fransa millisini və ölkəni təmsil edən bütün dəyərlərə qarşı yönəlib. Federasiya bütün hallarda oyunçularının yanında olacağını da bəyan edib.

Qalmaqallı açıqlamaların müəllifi olan Seleste Amariliya isə Kilian Mbappeni təhqiredici ifadələrlə hədəf almış, hətta DÇ-2026-nın 1/8 final oyunundan sonra Paraqvay futbolçularının ona fiziki müdaxilə etməməsindən təəssüfləndiyini bildirmişdi.

Fransa millisinin ulduzu Kilian Mbappe də səsləndirilən fikirlərə cavab verərək, senatoru tutduğu vəzifəyə layiq olmayan rəzil bir şəxs adlandırıb.

Qeyd edək ki, DÇ-2026-nın 1/8 final mərhələsində Fransa millisi Paraqvay üzərində 1:0 hesablı qələbə qazanıb. Görüşün yeganə qolunu penaltidən Kilian Mbappe vurub. Fransa yığması 1/4 finalda iyulun 9-da Mərakeş millisi ilə üz-üzə gələcək./milli.az/