Tanınmış futbolçu Ukrayna müharibəsində HƏLAK OLDU

Tanınmış futbolçu Ukrayna müharibəsində HƏLAK OLDU

Ukraynada Rusiyaya qarşı döyüşlərdə növbəti əcnəbi könüllünün həlak olduğu barədə məlumat yayılıb. Bu dəfə cəbhədən Litva xalqını sarsıdan acı xəbər gəlib və həlak olan şəxsin kimliyi artıq rəsmən təsdiqlənib.

NOCOMMENT.az xəbər verir ki, Ukrayna tərəfində vuruşan 25 yaşlı litvalı könüllü İqnas Kaylyus döyüş meydanında qəhrəmancasına həlak olub.

Bu barədə məlumatı onun vaxtilə çıxış etdiyi Litvanın "Suduva Mariampol" futbol klubu rəsmi "Instagram" hesabı vasitəsilə ictimaiyyətə açıqlayıb. Litvalı gənc futbolçu klubun əvəzedici heyətində çıxış edirdi. O, 2026-cı ilin fevral ayında könüllü olaraq cəbhəyə yollanmış, cari ilin iyun ayında isə onun itkin düşdüyü barədə məlumatlar yayılmışdı. İndi isə klub onun ölüm xəbərini tam təsdiqləyib.

"Suduva" klubu keçmiş oyunçusu ilə çox təsirli sözlərlə vidalaşıb:

"Ukraynada könüllü kimi xidmət edən sevimli litvalı qardaşımız İqnas Kaylyus döyüş meydanında həlak oldu. Qardaşımıza şərəf, şöhrət və minnətdarlıq düşür. Biz İqnas Kaylyusu hər zaman ətrafına pozitiv enerji saçan bir insan kimi xatırlayırıq və xatırlayacağıq", — deyə klubun vida mesajında qeyd olunub.

Gənc litvalı futbolçunun ölümü Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində idman dünyasının itirdiyi növbəti acı itki kimi qeydə alınıb. Rəsmi statistikaya görə, 24 fevral 2022-ci ildən bəri cəbhədə və raket zərbələri nəticəsində 500-dən çox ukraynalı idmançı və məşqçi həyatını itirib