Tarixi an: Futbol üzrə DÇ-2026-nın möhtəşəm açılış mərasimi başladı! - VİDEO

Tarixi an: Futbol üzrə DÇ-2026-nın möhtəşəm açılış mərasimi başladı! - VİDEO

Dünyanın gözü yenidən futbolun mərkəzinə çevrildi. Tarixdə ilk dəfə olaraq 48 komandanın iştirak etdiyi və üç ölkənin (Meksika, ABŞ, Kanada) birgə ev sahibliyi etdiyi Futbol üzrə Dünya Çempionatının təntənəli açılış mərasiminə start verilib.

NOCOMMENT.az xəbər verir ki, ilk açılış şousu Meksikanın paytaxtı Mexikodakı əfsanəvi və tarixi "Atsteka" (Estadio Azteca) stadionunda təşkil olunub.

FİFA-nın builki qərarına əsasən, çempionatın miqyası nəzərə alınaraq tarixdə ilk dəfə "Açılış Mərasimlərinin Trilogiyası" layihəsi həyata keçirilir. Yəni hər üç ev sahibi ölkə özünün ilk matçından əvvəl ayrıca açılış şousu nümayiş etdirəcək.

Bu gün başlayan ilk mərasimin bədii hissəsində dünya şöhrətli ulduzlar çıxış edir. Pop musiqisinin kraliçası Şakira nigeriyalı sənətçi Burna Boy ilə birlikdə turnirin rəsmi himni olan "Dai Dai" mahnısını ifa edir. Şouda həmçinin Andrea Boçelli, Devid Qetta, EJAE, Meqan Ti Stallion, J Balvin və Tayla kimi tanınmış simalar, eləcə də Meksikanın milli folklor qrupları yer alıb.

Mərasimin ardınca, Bakı vaxtı ilə saat 23:00-da turnirin ilk açılış matçı — Meksika - Cənubi Afrika Respublikası (CAR) qarşıdurması baş tutacaq. Trilogiyanın növbəti açılış şouları isə iyunun 12-də Toronto (Kanada - Bosniya və Herseqovina matçından əvvəl) və Los-Ancelesdə (ABŞ - Paraqvay matçından əvvəl) reallaşacaq. Dünya futbolunun ən böyük bayramı rəsmən açıq elan olundu!

Sara

NOCOMMENT.az