İmtahandan kəsildi, yüksək vəzifəyə təyin olundu – Təhsildə qəribə sistembackend

İmtahandan kəsildi, yüksək vəzifəyə təyin olundu – Təhsildə qəribə sistem

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər mediada yayılan məlumatlar Quba-Xaçmaz Regional Təhsil İdarəsində ciddi qanun pozuntularının baş verdiyini ortaya qoyur.

Bildirilir ki, bu qurumda bir sıra sektor müdirləri dövlət qulluğu imtahanından keçmədən, müvafiq sertifikat almadan və qanunun tələb etdiyi prosedurlardan kənar şəkildə vəzifəyə təyin olunublar. Halbuki mövcud qanunvericiliyə əsasən, bu tip vəzifələr yalnız Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlardan uğurla keçmiş namizədlər arasında müsabiqə yolu ilə tutulmalıdır. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən sorğuya rəsmi açıqlama verilməyib. Bu sükut isə sualları daha da artırır.

Ortada çox sadə, amma çox ağrılı bir həqiqət var: Quba-Xaçmaz Regional Təhsil İdarəsində dövlət qulluğu anlayışı faktiki olaraq formal prosedura çevrilib. İmtahan, bal, sertifikat, müsahibə — bunların hamısı kağız üzərində qalır. Real həyatda isə kabinetlərdə əyləşənlərin bəziləri bu mərhələlərin heç birindən keçməyib. Amma səlahiyyət var, imza var, qərar var, talelərə təsir etmək gücü var.

Bu vəziyyət artıq “texniki səhv” və ya “istisna hal” kimi izah oluna bilməz. Söhbət sistemli bir problemdən gedir.

Dövlət qulluğuna qəbul mexanizmi məqsədyönlü şəkildə kənara atılır və əvəzində qeyri-rəsmi, qeyri-şəffaf, ədalətsiz bir idarəçilik modeli qurulur. Bu modeldə əsas kriteriya bilik deyil, peşəkarlıq deyil, rəqabət deyil. Əsas kriteriya “kim kimə yaxındır” sualıdır.

Daha acınacaqlısı odur ki, bu qurumda bir çox sıravi əməkdaş dövlət qulluğu imtahanından keçib, lazımi balı toplayıb, bütün prosedurları yerinə yetirib. Yəni sistemin tələb etdiyi qaydalarla içəri daxil olub. Amma onların üzərində rəhbərlik edən şəxslər həmin sistemi keçə bilməyənlərdir. Bu nə deməkdir? Bu, açıq şəkildə deyir ki, zəhmət, bilik və əziyyət bu sistemdə dəyər daşımır. Dəyər daşıyan yeganə şey “haradan gəlmisən” və “kimin adamısan”dır.

Bu, sadəcə ədalətsizlik deyil. Bu, gənclərə, müəllimlərə, təhsil işçilərinə verilən açıq mesajdır: “Oxuma, hazırlaşma, çalışqan olma, əlaqə tap”. Belə bir mesajın verildiyi yerdə sağlam təhsil mühiti qurmaq mümkündürmü? Əlbəttə yox.

Xüsusilə diqqət çəkən məqamlardan biri də imtahanlarda dəfələrlə uğursuz olmuş şəxslərin strateji vəzifələrə gətirilməsidir. Dövlət qulluğu imtahanında tələb olunan minimum balı toplaya bilməyən birinin kadr siyasətinə, işə qəbul prosesinə, tədrisin keyfiyyətinə nəzarət etməsi absurddur. Bu, artıq peşəkarsızlığın sistemləşdirilməsidir.

Bəzi hallarda “maşın qaçırıldı” tipli bəhanələr olduğu kimi, burada da – Quba-Xaçmaz Regional Təhsil İdarəsindən verilən “müqavilə əsasında işləyir”, “müvəqqətidir”, “sonradan imtahan verəcək” kimi izahlarla vəziyyət pərdələnir. Amma illərlə həmin kresloda əyləşən adam üçün “müvəqqəti” anlayışı inandırıcı görünmür. Müvəqqəti adı altında daimi qanunsuzluq yaradılıb.

Elm və Təhsil Nazirliyinin bu məsələyə münasibət bildirməməsi isə ayrıca sual doğurur. Niyə susulur?

Niyə açıq faktlar qarşısında reaksiya verilmir? Bu sükut biganəlikdir, yoxsa himayədarlıq? Əgər nəzarət mexanizmləri işləmirsə, islahatlar yalnız kağız üzərində qalırsa, o zaman “təhsildə keyfiyyət” anlayışı sadəcə şüara çevrilir.

Təhsil sistemi ölkənin gələcəyidir. Bu gələcək isə imtahandan keçə bilməyənlərin əlindədirsə, nəticəni indidən görmək mümkündür. Savadın yox, münasibətin; zəhmətin yox, tanışlığın; bacarığın yox, himayənin əsas olduğu yerdə inkişaf olmur. Orada yalnız durğunluq, narazılıq və inamsızlıq yaranır.

Quba-Xaçmaz Regional Təhsil İdarəsində baş verənlər təkcə bir regionun problemi deyil. Bu, sistemin haradasa boşluq verdiyini göstərən siqnaldır. Əgər bu siqnal vaxtında eşidilməsə, sabah eyni mənzərə başqa bölgələrdə də təkrarlanacaq.

Bu gün sual sadədir: Dövlət qulluğu doğrudanmı hamı üçün eynidir, yoxsa bəziləri üçün sadəcə formal kağızdır? Əgər qanun hamıya şamil olunmursa, onda niyə var?

Cəmiyyət artıq susmamalıdır. Təhsil susqunluqla yox, şəffaflıqla, ədalətlə və məsuliyyətlə inkişaf edir. Quba-Xaçmaz Regional Təhsil İdarəsində isə hazırda bunların heç biri görünmür. Görünən yalnız sistemli laqeydlik və açıq ədalətsizlikdir.

Əli Səfərli,
NOCOMMENT.az