Bu şəxslərə ŞAD XƏBƏR - Ucuzlaşdı

Bu şəxslərə ŞAD XƏBƏR - Ucuzlaşdı

Dünya əmtəə birjalarından gələn son xəbərlər qızıl və gümüş almaq istəyən şəxslər üçün sevindirici fürsətlər yaradıb. Cari ilin may ayının ilk günlərindən etibarən qiymətli metalların dəyərində müşahidə olunan enmə tendensiyası investorların və zərgərlik məmulatlarına maraq göstərən vətəndaşların diqqət mərkəzinə çevrilib.

Nyu-Yorkun nüfuzlu COMEX əmtəə birjasında aparılan son əməliyyatlar göstərir ki, qızılın bir troya unsiyası (31,1 qram) üzrə iyun fyuçerslərinin qiyməti 0,59% azalaraq 4 617,1 ABŞ dolları səviyyəsinə enib. Eyni zamanda, gümüş bazarında da oxşar vəziyyət hökm sürür; iyul fyuçerslərinin qiyməti 0,74% ucuzlaşaraq bir unsiya üçün 76.87 dollar təşkil edib. Bu rəqəmlər qlobal iqtisadiyyatdakı dinamikanın qiymətli metallar üzərindəki təzyiqini və qısamüddətli korreksiyaların baş verdiyini təsdiqləyir. Birja məlumatlarına əsasən, qızılın dəyərindəki bu geriləmə həm iri investorlar, həm də kiçik yığım sahibləri üçün əlverişli alış nöqtəsi hesab oluna bilər.

Məsələ ilə bağlı NOCOMMENT.az-a ətraflı şərh verən iqtisadçı ekspert Seymur Əliyev qeyd edib ki, birjalardakı bu eniş bir neçə fundamental faktorun və texniki düzəlişlərin nəticəsidir: "Qlobal əmtəə bazarlarında qızılın qiymətinin cüzi də olsa azalması investorların gözləntiləri və valyuta bazarlarındakı sabitliklə bağlıdır. 4 617 dollar səviyyəsi tarixi zirvələrə yaxın olsa da, 0,59 faizlik azalma bazarda müəyyən bir doyma nöqtəsinin yarandığını və qısamüddətli mənfəət götürmə əməliyyatlarının aktivləşdiyini göstərir. Bu, qızıl almaq istəyənlər üçün psixoloji baxımdan 'sevindirici xəbər' kimi qiymətləndirilsə də, unutmaq olmaz ki, qızıl uzunmüddətli perspektivdə həmişə etibarlı liman statusunu qoruyur. Birja qiymətlərindəki bu kiçik tərəddüdlər yerli bazarlarda da zərgərlik məmulatlarının və külçə qızılların qiymətinə təsirsiz ötüşməyəcək".

Onun sözlərinə görə, qiymətlərin gələcək trayektoriyası aparıcı mərkəzi bankların monetar siyasətindən birbaşa asılı olacaq: "Müasir dövrdə qızılın qiyməti sadəcə tələb-təklif deyil, həm də inflyasiya gözləntiləri və geosiyasi risklərlə formalaşır. Hazırkı ucuzlaşma bir növ 'nəfəs dərəmə' mərhələsidir. Əgər ABŞ Federal Ehtiyatlar Sistemi faiz dərəcələri ilə bağlı sərt mövqeyini davam etdirərsə, dolların möhkəmlənməsi qızılı bir qədər də təzyiq altında saxlaya bilər. Lakin orta və uzun vədəli dövrdə qızılın bahalaşma potensialı hələ də yüksək olaraq qalır. Ona görə də hazırkı enişləri doğru dəyərləndirən alıcılar gələcəkdə öz kapitallarını qorumuş olacaqlar. Gümüşün də qızıla paralel olaraq ucuzlaşması sənaye tələbinin müvəqqəti azalması ilə izah oluna bilər ki, bu da bu metalı investisiya portfelinə əlavə etmək üçün yaxşı imkandır".

Tunar,
NOCOMMENT.az

Bizim Telegram səhifəsinə abunə olun