Azərbaycanda avtomobil bazarında iqtisadi səmərəlilik və yanacaq xərclərinə qənaət məsələsi həm fərdi sürücülər, həm də kommersiya məqsədilə nəqliyyat vasitəsi idarə edənlər üçün hər zaman aktuallığını qoruyur. Son illərdə daxili bazarda həm hibrid texnologiyalı avtomobillərin, həm də kiçik mühərrikli kompakt modellərin populyarlığının sürətlə artması birbaşa yanacaq sərfiyyatını minimuma endirmək istəyi ilə bağlıdır. Xüsusilə şəhərdaxili tıxaclarda və sıx hərəkət rejimində 100 kilometrə 3-4 litr yanacaq işlədən modellər sürücülərin əsas seçiminə çevrilib. Ölkəmizdə ekoloji təmiz və az yanacaq yandıran nəqliyyat vasitələrinin idxalına tətbiq edilən vergi və gömrük güzəştləri də bu növ avtomobillərin daxili bazarda payının genişlənməsinə və sürücülər üçün daha əlçatan olmasına güclü təkan verir.
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Tale Ələddinzadə NOCOMMENT.az-a bildirib ki, hazırda Azərbaycanda ən az yanacaq yandıran maşınlar reytinqində ilk pillələri daxili yanma mühərriki ilə elektrik motorunun sintezindən ibarət olan hibrid modellər, xüsusən də Yaponiya istehsalı olan avtomobillər tutur: "Daxili bazarda apardığımız araşdırmalar və sürücülərin təcrübəsi göstərir ki, ölkəmizdə ən populyar və qənaətcil maşınlar qrupuna 'Toyota Prius', 'Toyota Aqua' və 'Toyota Yaris' kimi hibrid modellər rəhbərlik edir. Bu avtomobillər şəhər daxilində yanacaq sərfiyyatını 100 kilometrə 3.5-4.5 litr arasında saxlayır ki, bu da cari yanacaq qiymətləri fonunda sürücünün büdcəsinə iki dəfədən çox qənaət etməsi deməkdir. Hibridlərdən başqa, kiçik mühərrikli, məsələn, 1.0 və ya 1.2 litrlik turbo mühərriklə təchiz olunmuş Avropa və Koreya istehsalı olan kompakt hetçbeklər də az yanacaq sərfiyyatına görə sürücülərin rəğbətini qazanır".
Onun sözlərinə görə, avtomobilin az yanacaq yandırması təkcə onun zavod göstəricilərindən deyil, həm də düzgün texniki qulluqdan və sürücünün idarəetmə vərdişlərindən birbaşa asılıdır: "Bir çox sürücülər düşünürlər ki, hibrid maşın almaqla iş bitir, lakin vaxtında dəyişdirilməyən hava filtri, nasaz alışdırma şamları və ya keyfiyyətsiz mühərrik yağı ən qənaətcil avtomobilin də sərfiyyatını xeyli artıra bilər. Eyni zamanda, aqressiv idarəetmə, qəfil sürətlənmə və tormozlama hərəkətləri yanacaq sərfiyyatını normadan 20-30 faiz yuxarı qaldırır. Azərbaycanda yanacaq iqtisadiyyatına nail olmaq istəyən vətəndaşlarımıza təkcə maşının mühərrik həcminə deyil, onun texniki sazlığına və rəsmi olaraq ölkəmizdə də istehsalına başlanılan yüksək keyfiyyətli 'Avro-5' standartlı yanacaqlardan istifadə edilməsinə diqqət yetirməyi tövsiyə edirik".
Tunar,
NOCOMMENT.az











