"Əgər hamı alırsa, o da deyir niyə ucuz satım" - Mərkəzi Bankın sədri

"Əgər hamı alırsa, o da deyir niyə ucuz satım" - Mərkəzi Bankın sədri

"Müştərilər banklardan narazıdırsa, alternativ seçim etməlidir".

NOCOMMENT.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Bank xidmətindən, tariflərdən narazısınızsa, bankı dəyişin. Banklar hiss etsinlər ki, müştəri seçir".

Qeyd edib ki, Azərbaycanda hələ də "bank müştərini seçir" yanaşması mövcuddur, lakin bu düzgün deyil

"Yox, siz bankı seçməlisiniz. Bu, azad bazar iqtisadiyyatıdır".

Vurğulayıb ki, Mərkəzi Bank tariflərə birbaşa müdaxilə etmir və hesab edir ki, qiymətləri bazar müəyyən etməlidir:

"Harada ki 1 manatlıq xidməti 2 manata satırsa, mən ona bir söz deyə bilmərəm. Əgər hamı alırsa, o da deyir niyə ucuz satım".

Bildirib ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması istiqamətində nəzarət gücləndirilib:

"2025-ci ildən bu sahədə çox aktiv nəzarətə başlamışıq və bu ilin ikinci yarısından artıq bu, gündəlik rutin nəzarət prosesinə çevriləcək".

Nəzərə çatdırıb ki, nəzarət çərçivəsində bankların xidmət haqları ilə bağlı məlumatları nə qədər şəffaf təqdim etdiyi və müştərilərə ədalətli yanaşıb-yanaşmadığı araşdırılır:

"Harada ədalətsizlik görürsünüzsə, müraciət edin. "ASAN xidmət"də və rəsmi internet səhifəmizdə imkanlar var".

Əlavə edib ki, yalnız banklar deyil, digər maliyyə institutları, sığorta, investisiya və ödəniş xidmətləri göstərən qurumlar da nəzarətə cəlb olunub.

Qeyd edib ki, istehlakçı hüquqlarının pozulması maliyyə institutlarının risk səviyyəsinə də təsir edəcək:

"Bank tərəfindən nə qədər çox istehlakçı hüquqları pozularsa, biz onlara daha yüksək tənzimləmə tətbiq edəcəyik".

Bizim Telegram səhifəsinə abunə olun