Vergi nəzarətində analitika dövrü başlayır – Nələr DƏYİŞƏCƏK?

Vergi nəzarətində analitika dövrü başlayır – Nələr DƏYİŞƏCƏK?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatında aparılan son struktur dəyişikliyi vergi sistemində idarəetmənin yenilənməsi və müasir tələblərə uyğunlaşdırılması baxımından diqqəti çəkir. Aparata üç yeni idarənin – Daxili audit baş idarəsinin, Strateji planlaşdırma və təşkilati risklərin idarə olunması baş idarəsinin və Data analitika idarəsinin əlavə edilməsi, eyni zamanda İnformasiya təhlükəsizliyi şöbəsinin idarəyə çevrilməsi inzibatçılıqda daha sistemli, daha hesabatlı və texnoloji yönümlü mərhələyə keçidin anonsu kimi qiymətləndirilir. 

Bu dəyişikliklərin vergi ödəyicilərinə – həm bizneslərə, həm də fiziki şəxslərə birbaşa və ya dolayı təsirləri nələr ola bilər?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı-analitik Kamran Səlimov hesab edir ki, struktur dəyişikliyinin ən mühüm elementlərindən biri yeni yaradılan daxili audit idarəsidir.

Onun sözlərinə görə, vergi orqanlarının fəaliyyətində daxili nəzarət uzun illər yardımçı mexanizm kimi nəzərdə tutulsa da, hazırkı şəraitdə bu funksiya strateji əhəmiyyət kəsb edir:

“Bu idarə həm iş proseslərinin şəffaflığını, həm də əməkdaşların fəaliyyətinə nəzarəti gücləndirəcək və korrupsiya risklərinin azalmasına ciddi təsir göstərəcək. Dövlət Vergi Xidməti getdikcə daha çox rəqəmsallaşır və bu, daxili nəzarət mexanizmlərinin də institusional şəkildə möhkəmləndirilməsini tələb edir. Audit idarəsi qərarların qəbulu prosesini daha şəffaf edir və ümumi idarəetmənin keyfiyyətini artırır.”

Dəyişikliklərin daha bir vacib istiqaməti strateji planlaşdırma və təşkilati risklərin idarə olunması ilə bağlıdır.

Səlimov bu idarənin yaradılmasını vergi sisteminin artıq qısamüddətli reaksiya mexanizmləri ilə deyil, uzunmüddətli inkişaf xətti ilə idarə olunmasının göstəricisi sayır. Onun fikrincə, bu addım fiskal proqnozlaşdırmanı gücləndirəcək, vergi yükünün optimallaşması və kölgə iqtisadiyyatına qarşı mübarizənin daha planlı şəkildə aparılmasına imkan verəcək. Ekspert vurğulayır ki, belə struktur dəyişiklikləri DVX-in yalnız bu günün problemlərinə yox, gələcəyin çağırışlarına da hazır olmasını təmin edəcək.

“Dövlət Vergi Xidməti onsuz da böyük həcmdə məlumat toplayır – onlayn kassa çeklərindən tutmuş ƏDV qaimələrinə, bank əməliyyatlarından idxal-ixrac məlumatlarına qədər. İndiyədək bu məlumatlar bir çox hallarda ayrı-ayrı sistemlər üzrə istifadə olunurdu və vahid analitik idarəçilik üçün struktur mexanizmi çatışmırdı. Yeni idarə isə məhz bu boşluğu dolduracaq.

Data analitika idarəsinin yaradılması o deməkdir ki, vergi nəzarəti daha obyektiv, daha dəqiq və alqoritm əsaslı olacaq.

Artıq hansı şirkətin yoxlanılması şəxsi qərarla yox, risk göstəriciləri ilə müəyyənləşəcək. Bu, dürüst işləyən biznes üçün rahatlıq, sistemdən yayınmağa çalışanlar üçün isə nəzarətin güclənməsi deməkdir” , – deyə ekspert qeyd edib.