Dünyada enerji resurslarına olan tələbatın artması və təyyarə yanacağı ehtiyatlarının kritik səviyyəyə düşməsi fonunda Azərbaycanın yüksək keyfiyyətli xam nefti qlobal bazarlarda strateji əhəmiyyətini daha da artırıb. Xüsusilə Yaponiya kimi nəhəng iqtisadiyyatların, öz strateji ehtiyatlarına malik olmalarına baxmayaraq, məhz Azərbaycan neftinə maraq göstərməsinin əsas səbəbi ölkəmizdə hasil olunan neftin təyyarə yanacağı istehsalı üçün texniki baxımdan ideal tərkibə malik olmasıdır. Hazırda təyyarə yanacağının saxlanma müddətinin qısalığı və keyfiyyət standartlarının yüksəkliyi bir çox ölkəni daha keyfiyyətli xam neft mənbələri axtarmağa sövq edir.
Bu barədə NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Elman Sadiqov qeyd edib ki, Azərbaycan nefti təyyarə yanacağı istehsalı üçün ən uyğun xammallardan biridir və hazırda neftimizə olan qlobal tələbat məhz bu amillə bağlıdır: "Təyyarə yanacağı xam neftdən fərqli olaraq uzun müddət saxlanıla bilmir və keyfiyyətini tez itirir. Bu səbəbdən Yaponiya daxil olmaqla bir çox ölkələr uçuşların artdığı turizm mövsümündə kəsir yaranmaması üçün Azərbaycan neftinə müraciət edirlər. Bizim neftayırma strategiyamıza yenidən baxılması və hasil olunan neftin heç olmasa bir hissəsinin daxildə təyyarə yanacağına çevrilməsi iqtisadiyyatımız üçün ciddi dəyər artımı demək olardı. Bu, həm büdcə gəlirlərinin, həm də məşğulluğun artması baxımından zəruridir".
Onun sözlərinə görə, dünya neft bazarında müşahidə olunan 1 milyard barellik azalma iqtisadiyyat üçün ciddi siqnaldır: "Səudiyyə Ərəbistanının hesablamalarına görə, fevral ayından bəri bazarda böyük həcmdə neft 'yoxa çıxıb', yəni qənaət səbəbindən daha az satış baş tutub. Bu qənaət rejimi növbəti aylarda ölkələrin iqtisadi artım tempinə mənfi təsir göstərəcək. Digər tərəfdən, kasıb ölkələrdə enerji idxalı üçün dollar qıtlığı yaşandığı halda, Yaponiya, Çin və Cənubi Koreya kimi ölkələr həm güclü valyuta ehtiyatları, həm də strateji anbarları sayəsində hələlik bu böhranı daha rahat adladırlar. Lakin təyyarə yanacağı məsələsi onlar üçün də həssas nöqtə olaraq qalır".
Ekspert vurğulayıb ki, qaz və elektrik enerjisi sahəsində də vəziyyət oxşar gərginliklə davam edir: "Avropada elektrik enerjisinin əhəmiyyətli hissəsinin qaz vasitəsilə əldə olunması Azərbaycanın elektrik enerjisi ixracı potensialını aktuallaşdırır. Hazırda neft hasil edən ölkələr arasında hasilatı artırmaq üçün ciddi bir yarış başlayıb.
Hətta münaqişələr bitsə və yollar tam açılsa belə, neftin qiyməti bir müddət 80 dollar ətrafında sabit qalacaq.
Əsas məsələ, azalan hasilat fonunda mövcud resurslardan maksimum dəyər qazanmaq və neftayırma zavodlarımızın imkanlarını müasir tələblərə, xüsusilə təyyarə yanacağı istehsalına uyğunlaşdırmaqdır".
Tunar,












