Əmək münasibətlərində intizam tənbehi kimi tətbiq olunan töhmət, bir çox hallarda işçilər üçün gələcək karyera imkanları ilə bağlı suallar doğurur. Bəs töhmət alan şəxs sonradan başqa yerdə işləmək hüququndan məhrum edilə bilərmi? Bu cür halların qanunvericilikdə hansı hüquqi nəticələri var və işəgötürənlər töhməti əsas gətirərək işçinin əmək fəaliyyətinə mane ola bilərmi?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən hüquqşünas Turan Abdullazadə bildirib ki, Azərbaycan Əmək Məcəlləsinə əsasən töhmət işəgötürən tərəfindən tətbiq olunan intizam tənbehidir və yalnız həmin iş yeri çərçivəsində hüquqi nəticə doğurur.
“Töhmət nə cinayət, nə də inzibati məsuliyyət hesab olunur və bu səbəbdən işçinin gələcək əmək fəaliyyətinə “qara siyahı” effekti yaratmır. Töhmət yeni işə qəbul zamanı hüquqi maneə sayılmır və əvvəlki rəhbərlik tərəfindən digər işəgötürənlərə ötürülə bilməz. Yalnız bəzi xüsusi sahələrdə — dövlət qulluğu, məhkəmə sistemi, hüquq-mühafizə və təhlükəsizlik orqanlarında intizam məsuliyyəti etik və reputasiya meyarı kimi qiymətləndirilə bilər. Lakin bu hallarda belə təkcə töhmət avtomatik olaraq başqa yerdə işləməyə qadağa yaratmır”.
Turan Abdullazadə əlavə edib ki, əgər işçi intizam pozuntusuna görə Əmək Məcəlləsinin müvafiq maddələri ilə işdən çıxarılıbsa, bu artıq əmək müqaviləsinə xitam verilmə səbəbi kimi gələcək iş imkanlarına mənfi təsir göstərəcək.
Bununla yanaşı, hüquqşünas vurğulayıb ki, işəgötürənin töhməti əsas gətirərək işçiyə təzyiq göstərməsi, onun başqa yerdə işləməsinə mane olması və ya arayışlar və şifahi məlumatlar vasitəsilə reputasiyasını qəsdən zədələməsi qanunsuzdur.
Beləliklə, qanunvericiliyə əsasən töhmət yalnız daxili intizam tədbiridir və işçinin başqa müəssisədə çalışmaq hüququna heç bir hüquqi məhdudiyyət yaratmır. /KONKRET.az/














