Gəncə Ağır Cinayətlər Məhkəməsində Natiq Əliyevin sədrliyi ilə Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmə zamanı hadisə şahidlərinin ifadələri dinlənilib. Həmçinin istintaq zamanı Avanesyanın hadisə baş verdiyi ərazidə dindirildiyi kadrlar nümayiş etdirilib.
Çıxış edən dövlət ittihamçısı törətdiyi əməllərə görə Avanesyanın təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.
Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin olunub.
***16:56
Karen Avanesyan xəstəxanada özünü Ermənistanın qəhrəmanı adlandırırdı.
NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, bunu Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyanın Gəncə Ağır Cinayətlər Məhkəməsində davam etdirilən məhkəməsində onun yaxalanmasında iştirak etmiş Elmar adlı polis əməkdaşı deyib.
O bildirib ki, əməliyyat zamanı Avanesyan polisin təslim olmaq tələbinə məhəl qoymayaraq, silahlı müqavimət göstərməyə davam edib:
“Xidmətdə olduğumuz zaman erməniəsilli Karen Avanesyan Xankəndidə silahlı müqavimət göstərdiyi barədə məlumat aldıq. Hadisə yerinə getdik və onu dəfələrlə silahı yerə qoyub təslim olmağa çağırdıq. Lakin bu çağırışlara məhəl qoymadan bizə qarşı silahlı müqavimət göstərirdi. Avanesyan silahlı halda şəhər ərazisində tədbir keçirilən əraziyə doğru gedirdi.
Daha sonra qaçıb bir evə girdi. Mən özüm şəxsən onu təslim olmağa çağırdım, dedim ki, sənə heç nə edilməyəcək. Ancaq o yenə bizə doğru 6-7 atəş açıb qumbara atdı. Belə olduqda xidməti vəzifəmizi yerinə yetirərək silah işlədib onu yaralamaq məcburiyyətində qaldıq. Yaralı vəziyyətdə ələ keçən Avanesyanı xəstəxanaya apardıq. O, yaralı halda özünü Ermənistanın qəhrəmanı adlandırırdı”.
***15:55
Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyanın məhkəmə prosesi keçirilir.
NOCOMMENT.az -ın Qərb bürosunun məlumatına görə, cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İlkin İbişovun sədrliyi ilə baxılır.
Təqsirləndirilən Avanesyan Karen Albertoviç tərcüməçi və vəkillə təmin olunub.Təqsirləndirilən Karen Avanesyan ifadə verib.
Daha sonra isə cinayət işi üzrə şahidlər ifadələri dinlənilib. Hazırda proses davam edir.

Qeyd edək ki, bu il sentyabrın 14-də Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyib. Polis əməkdaşları ona mane olarkən Karen Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. Cavab atəşi nəticəsində güllə yarası almış Karen Avanesyan tutulub.
Təqsirləndirilən Karen Avanesyan Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11 (xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla iki və daha çox şəxsi terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd qəsdən adam öldürməyə cəhd), (qəsdən adam öldürməyə cəhd), 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə terrorçuluq törədildikdə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, saxlama və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə ittiham edilib.












