Xaricdən avtomobil almaq üçün külli miqdarda ödəniş edən şəxslərin maşınları 4 aydır ki, ölkəyə gəlib çıxmır.
NOCOMMENT.az xəbər verir ki, Xəzər TV-yə müraciət edən şəxslər “Əsədzadə Sənan” MMC vasitəsilə Çindən avtomobil sifariş etdiklərini, lakin 4 aydır avtomobillərini təhvil ala bilmədiklərini deyiblər.
Onlar iddia ediblər ki, bu hal 100-ə yaxın şəxsin başına gəlib. Şikayətçilər şirkət tərəfindən hədələndiklərini də iddia ediblər.
Sözügedən şirkətin direktoru Sənan Əsədzadə isə problemin qarşı tərəfdən qaynaqlandığını deyib. O, müqavilə bağlandıqdan sonra “invoys” göndərildiyini və müştərilərin 24 saat ərzində onu təsdiqləməli olduğunu bildirib. S.Əsədzadə vətəndaşların təyin edilən müddətə müqaviləni təsdiqləməyərək ödəniş etmədiyi üçün bu vəziyyətin yarandığını qeyd edib.
***
Xarici ölkədən avtomobil gətirmək adı ilə vətəndaşlara qarşı kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən 27 yaşlı Sənan Yavər oğlu Əsədzadə barəsində axtarış elan olunub.
Bu barədə NOCOMMENT.az -a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Sənan Əsədzadə barəsində dələduzluq əməlləri ilə bağlı 17 epizod üzrə Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanıb.
Həmin faktlar üzrə vətəndaşlara dəyən zərər 412 min dollar təşkil edir.
Müəyyən edilib ki, o, vətəndaşlara müxtəlif yalan vədlər verməklə ölkəni tərk edib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri görülür.












