Ötən həftə İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti həm Nikol Paşinyana dəstək nümayişi, həm də Fransanın Cənubi Qafqazda möhkəmlənmək iddiaları üçün bir platforma rolunu oynadı. Lakin Fransa prezidenti Emmanuel Makronun bu səfər çərçivəsindəki ambisiyalı planları uğursuzluqla nəticələnib.
NOCOMMENT.az xəbər verir ki, İrəvan küçələrində səhər qaçışına çıxan və restoranlarda Paşinyanla mahnı oxumağa çalışan Makron Bakıda həbsdə olan erməni separatçılarının azad edilməsi təşəbbüsü ilə çıxış edəcəyini və bu məqsədlə Prezident İlham Əliyevə zəng edəcəyini bəyan etmişdi. Lakin belə bir telefon danışığı baş tutmayıb; görünən odur ki, rəsmi Bakı Makronla bu mövzunu müzakirə etməyi belə rədd edib.
Prezident İlham Əliyev Zəngilanda məskunlaşan ailələrlə görüşü zamanı Makronun adını çəkməsə də, onun "xilaskar qəhrəman" obrazına sərt reaksiya verib: "Bəzi xarici liderlər bu gün Ermənistana gəlib özlərini qəhrəman kimi göstərirlər. Onlar 2020-ci ildə də hakimiyyətdə idilər – bəs onda niyə gəlib Ermənistana kömək etmirdilər? Bütün bunlar boş sözlərdir, ona görə də öz ölkələrində dəstək reytinqləri 10-15 faizdir".
Həqiqətən də, 2026-cı ilin may ayına olan məlumata görə, Makronun Fransadakı reytinqi tarixi minimumdadır (17-23%). Öz ölkəsində və Afrikada nüfuzunu itirən liderin Cənubi Qafqazda "geosiyasi oyunçu" kimi çıxış etməsi artıq ironiya ilə qarşılanır.
Məlumata görə, Makronun ən böyük "şousu" Ermənistana Türkiyə üzərindən gəlmək cəhdi olub. O, bununla Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında "vasitəçi" rolunu oynadığını nümayiş etdirmək istəyirdi. Lakin prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan buna imkan verməyiblər. Maraqlıdır ki, Türkiyə diplomatiyasında bəzi dairələr bu ideyanı dəstəkləsələr də, son qərarı Əliyev-Ərdoğan koordinasiyası verib və Makronun "hava manevri" bloklanıb. Bu hadisə Bakı və Ankaranın regional siyasəti vahid mərkəzdən idarə etdiyini bir daha sübut edir.
mənbə: haqqin.az
Əli Səfərli,












