“Hərdən mənə zəng edirlər ki, mahnılarımın müəllifi kimdir? Mən onları 48 il əvvəl oxumuşam, indi yadınıza düşüb müəllifini axtarmaq?! “Sən oldun” mahnısı da əsl Azərbaycan ruhunda, 6-8 ritmində oxunub. Amma fars, yunan, erməni və s. dillərdə də ifa edilib. Çıxsınlar onların qabağına, müəllif hüquqlarını tələb etsinlər...”
NOCOMMENT.az xəbər verir ki, bunu Xalq artisti Ağadadaş Ağayev bildirib.
Xatırladaq ki, iyunun 5-də İrəvanın Respublika Meydanında Ağadadaş Ağayevin ifa etdiyi “Sevirəm de” mahnısı səslənib. Hakim Vətəndaş Müqaviləsi Partiyasının keçirilən son təbliğat mitinqində mahnının sözlərinə Ermənistan Baş naziri Nikol Paşinyanın adı əlavə olunub.
“Nikol, Nikol, Hayastan” sözlərinin işləndiyi ifanın videosu sosial şəbəkələrdə viral olub.
Xalq artisti Ağadadaş Ağayev həmin görüntüləri şəxsən görmədiyini bildirib:
“Məndən sonra “Sevirəm de” mahnısını Nəsibə Abdullayeva, Qədir Məmmədov kimi ifaçılar oxuyub. Üstündən illər keçəndən sonra həmin mahnını 18 yaşlı erməni xanım ifa etdi və iddia qaldırdı ki, mahnı ona məxsusdur. Necə olur ki, 48 yaşlı mahnı 18 yaşlı birinə aid olur?! Heç bunu araşdıran yoxdur!
Bu günə qədər dönə-dönə iddialara cavab verməmişəm. Tarix yaşayır və mən həmin səhifədən işıq kimi nur saçıram. Hər kəsin önünə də çıxmağa hazıram”.
İfaçı qeyd edib ki, “Dodağına gülüş qonub” mahnısı da şəxsən özünə aiddir:
“Həmin mahnında olan “Təki mənə bircə kəlmə sevirəm de” sətrini Ayaz Vəfalını şeirindən götürmüşəm. Bunu da şəxsən özünə bildirmişəm. O da mahnıya qulaq asıb və mənə deyib ki, həmin o bir sətir halal xoşun olsun. Çünki o mahnıda həmin o sözlərə ehtiyac vardı. O da sağ olsun bunu normal qarşıladı. Bu gün fəxrlə deyə bilərəm ki, həmin mahnı mənim pasportumdur. Siz kimsiniz ki, bunu əlimdən alasınız?!
Düşmənə xidmət edən bəzi şəxslər müxtəlif variantlarla məni ləkələməyə çalışırlar. Amma bildirmək istəyirəm ki, ermənilərdə o ritm və ruh yoxdur. Biri çıxsın desin ki, 48 ildir yalan danışırsan. Kimin dərdi varsa, buyursun, müəllif hüquqlarını qoysun ortaya. Hər kəs bilir ki, bu mahnılar mənimdir. Başqa dildə oxuyanlara da çox hörmətsiz yanaşıram”.
A.Ağayev “Sən oldun” mahnısı da özünə məxsus olduğunu və sözlərini şair Baba Vəziroğlunun yazdığını deyib:
“Mövzunu özüm vermişəm və bildirmişəm ki, bu formada yaz. Kişidir çox vaxt çöldə bayırda olur, evə gec gələndə də qadın ona əsəbləşir. Bu mahnı bir növ kişinin üzrünü xanımına çatdırır. Həmin mahnının da “YouTube”da 18 milyon izləyicisi var. Düşünürəm ki, bu mahnı hər kəsin qanına yeriyib. Yeriməsəydi, oxumazdılar.
Sovet dönəmində Nəsibə Abdullayeva mahnılarımı ifa edəndə bildirmişdilər ki, müəllifin adını çəkmə, amma o, mənim adımı çəkmişdi. Mən bütün bunları aşmış adamam. Ömrümü bəzəyən mahnılarımın sayı hesabı yoxdur. Nə oxumuşamsa tutub.
Bu mahnıların da başqasına aid olduğunu iddia edənlər önümə çıxsınlar. Mən də onların hara xidmət etdiklərini araşdırım, öyrənim. Ondan sonra yaxalarını buraxsam, şərəfsizəm. Kişilikləri varsa, qabağıma çıxsınlar. İndi isə gedib hər kəs mənim mahnılarımı ifa edənlərin ən azından yaşını araşdırsın və görsün ki, bu mahnını 48 il əvvəl oxunubsa, necə 20, 21 yaşlı gənclərə aid ola bilər?”.
Qeyd edək ki, 2 il əvvəl Xalq artisti Ağadadaş Ağayevin erməni müğənnisi Armen Aloyanın “Dodağına gülüş qonub” və “Sevirəm de” mahnılarını oğurladığını bildirmişdi.\\yenisabah











