“Mən heç kimə hədə-qorxu gəlmirəm, amma mənə hədə-qorxu gəlirlər. Nə istəyirlər? İstəyirlər çıxıb Prezidentə müraciət edim? Mehriban xanıma müraciət edim? Onu istəyirlər? Axırda məni bezdirəcəklər, elə etməsinlər ki, xəstə halımla video müraciət yayımlayım”.
NOCOMMENT.,az xəbər verir ki, Xalq artisti Fatma Mahmudova son günlər onun ətrafında yaranan qalmaqalla bağlı ilk dəfə Showmedia.az-a danışıb.
Aktrisa bir neçə gün öncə yayımlanan “Öz aramızda” verilişinə qatılmaması ilə bağlı səsləndirilən iddialara münasibət bildirib. Fatma Mahmudova qeyd edib ki, onun verilişə getməməsini Ruhəngiz Allahverdiyeva ilə əlaqələndirmək doğru deyil və haqqında deyilənlər əsassızdır.
Xalq artisti bildirib ki, mərhum qardaşı oğlunun ildönümü ilə əlaqədar ağır günlər yaşadığı halda, bəzi insanların bu mövzunu qalmaqala çevirməsi onu çox incidir:
“Adıma şər atırlar ki, Fatma Mahmudova yalan danışdı. Nəyi yalan danışmışam? Cavab versinlər, verim məhkəməyə, öyrənim ki, nəyi yalan danışmışam? Guya mən demişəm ki, qardaşım oğlu ölməyib. Ölüb axı, özü də faciəvi şəkildə. Nəyə lazımdır belə yaraları deşmək? Qardaşımdan soruşublar guya, qardaşım deyib belə bir şey yoxdur. Mənim axı qardaşım yoxdur. Oğlu ölüb, qardaşım da onun dərdinə dözə bilməyib dünyasını dəyişib. Hansı qardaşımdan müsahibə götürüblər?”
Aktrisa əlavə edib ki, onun heç kimlə şəxsi problemi yoxdur və məsələnin yenidən gündəmə gətirilməsini anlaya bilmir:
“Mənim heç kimlə nə ədavətim, nə intriqam var. Çıxmamışam, çıxmamışam da. Mən xəstə adamam, ağır insult keçirmişəm. Getməmişəm, getməmişəm də. Bunu böyütməyin nə mənası var? Məni onunla-bununla üz-üzə qoymaq lazım deyil. Axı qalmaqal yığışdırılmışdı. Yenə başlayırlar?”
Fatma Mahmudova həmçinin aparıcı İsa Şükür haqqında neqativ fikrinin olmadığını da xüsusi vurğulayıb:
“Mənim İsa ilə heç bir ədavətim yoxdur. İsa çox yaxşı oğlandır, çox mükəmməl aparıcıdır. Ona hörmətim böyükdür. Oradan Ruhəngizi qızışdırıb salıblar üstümə. O oxuyandır, mən aktrisa. Mənim onunla nə işim var? Allah canını sağ eləsin, 100 yaşasın”.
Sonda sənətçi bildirib ki, haqqında yayılan xəbərlər və yazılan iddialar artıq onu ciddi şəkildə yorub:
“Mənim öz dərdim özümə bəsdir. Qoysunlar canımın dərdini çəkim. İmkan versinlər yaşayım, səhnəyə çıxım. Elə etməsinlər ki, xəstə halımla çıxıb video müraciət yayım”.












