Yaponiyada Azərbaycanı bəzən bir kasa düşbərə ilə tanıdıram - MÜSAHİBƏ

Yaponiyada Azərbaycanı bəzən bir kasa düşbərə ilə tanıdıram - MÜSAHİBƏ

2017-ci ildə Prezident təqaüdünə layiq görülən, daha sonra aşpazlıq sahəsində milli müsabiqələrdə uğur qazanan və hazırda Yaponiyada süni intellekt istiqamətində təhsil alan azərbaycanlı gənc Yaqut Şəkizadə fərqli inkişaf yolu keçib. Dünya aşpazlıq yarışlarından Yaponiya universitet auditoriyalarına uzanan bu yol həm şəxsi inkişaf, həm də beynəlxalq təcrübə baxımından diqqət çəkir.

Beləliklə, “Diasporun səsi”nin budəfəki qonağı Yaponiyanın Nara Elm və Texnologiya İnstitutunun ikinci kurs tələbəsi, Prezident təqaüdçüsü, MEXT (Yaponiya Dövlət Təqaüdü) qalibi və aşpazlıqdan süni intellekt tədqiqatlarına uzanan yolla irəliləyən Yaqut Şəkizadədir.

NOCOMMENT.az modern.az-a istinadən onunla müsahibəni təqdim edirik:

- Aşpazlıq sahəsindəki uğurlardan başlayaraq bu gün Yaponiyada elm və texnologiya üzrə təhsil almağınıza qədər uzanan yol necə formalaşdı? Həyatınızda dönüş nöqtəsi hesab etdiyiniz məqam hansı olub?

- Əslində bu yol bir baxışdan qəribə görünə bilər, aşpazlıqdan texnologiyaya. Amma mən bunu ziddiyyət kimi deyil, bir-birini tamamlayan iki maraq kimi görürəm.

Uzun müddətdir ki, kulinariya mənim üçün sadə bir hobbidən artıq bir şey idi. Bir gün CASA Kulinariya Məktəbinin yarışmasında iştirak etdim və qalib gəldim. Bu, mənə orada pulsuz təhsil almaq imkanı verdi. O məqam həyatımın dönüş nöqtəsi oldu, çünki illərdir istədiyim bir şey - professional kulinariya təhsili gerçəkləşdi. İnsan bəzən bir qapının açılmasını gözləyir, o qapı açılanda isə içəridə nə qədər böyük bir dünya olduğunu görür.

CASA-da keçirdiyim dövr mənə çox şey öyrətdi - yalnız reseptlər deyil, dəqiqlik, estetika, bir işi sonuna qədər götürmək... Maraqlısı odur ki, bu keyfiyyətlər sonradan texnologiya və tədqiqat sahəsində də işimə yaradı.
Yaponiyaya gəldikdən sonra isə hər şey daha da genişləndi. İndi süni intellektin proqramlaşdırmada tətbiqi üzrə tədqiqat aparıram, xüsusilə AI alətlərinin real proqram inkişafı mühitlərindəki rolu, kod icmalı prosesləri və tərtibatçılarla əməkdaşlığı üzərində. Kulinariya mənə "necə etmək" öyrətdisə, texnologiya mənə "niyə belə işləyir" sualını soruşmağı öyrətdi. İkisi birlikdə düşündüyümdən daha yaxşı bir kombinasiya oldu.

- İnsanlar adətən ABŞ və Avropa ölkələrini seçdiyi halda siz niyə məhz Yaponiyanı seçdiniz? MEXT proqramını qazanmaq prosesi necə keçdi və bu qərara ailənizin münasibəti necə oldu?

- Doğrudan demək istəyirəm ki, Yaponiya seçimim çoxlarını təəccübləndirdi. "Niyə ABŞ deyil, niyə Avropa deyil?" - bu sualı o qədər eşitdim ki... Amma mənim üçün cavab həmişə aydın idi.
Yaponiya uzaqdan da olsa, həmişə mənə fərqli bir cəmiyyət kimi görünürdü intizamlı, dərinlikli, öz dəyərlərinə sadiq. Yaponiya Öz mədəniyyətini, ənənəsini qoruyub saxlaya bilməklə yanaşı, dünyaya açıq olan nadir cəmiyyətlərdən biridir. Bu kombinasiya məni çəkdi. Üstəlik, tədqiqat apardığım sahə süni intellektin proqramlaşdırmada tətbiqi üzrə güclü akademik mühiti olan universitetlər məhz Yaponiyada idi.

MEXT - yəni Yaponiya Hökuməti Təqaüdü prosesi isə asan olmadı. Sənədlər, imtahanlar, müsahibələr... Hər mərhələ ciddi hazırlıq tələb edir. Amma bu prosesdə çox şey öyrəndim həm özüm haqqında, həm də nə istədiyim haqqında. Qəbul xəbərini aldığım gün inanmaq çətin idi, düzünü desəm. Ailəmin münasibətinə gəlincə, onlar həmişə arxamdaydılar. "Yaponiyadır, çox uzaqdır" dedilər, amma heç vaxt "getmə" demədi heç kim. Bu dəstək mənim üçün çox vacib idi, çünki belə bir qərarı təkbaşına vermək çətindir. Ailənin arxanda olduğunu bilmək insana çox güc verir.



- Azərbaycandan tam fərqli bir cəmiyyətə uyğunlaşmaq çətin oldumu? İlk vaxtlar sizi ən çox təəccübləndirən və ya çətinlik yaradan hansı məqamlar idi?

- Düzünü desəm, uyğunlaşma prosesi düşündüyümdən həm çətin, həm də maraqlı oldu. Ən böyük maneə dil idi. Yaponiyaya gələndə yaponca bilmirdim, burada öyrəndim. İlk vaxtlar sadə bir şeyi - məsələn, supermarketdə nəyisə soruşmağı, ya da dövlət idarəsində sənəd işlərini həll etməyi belə çox çətinliklə edirdim. İnsan öz dilində çox şeyi avtomatik həll edir, xarici dildə isə hər cümləni əvvəlcədən düşünməli olursan. Bu yorucu ola bilir, xüsusilə ilk aylarda.

Nara özünəməxsus bir şəhərdir, Tokyonun sürəti yoxdur burada, daha sakit, daha ənənəvidir. Bu bir tərəfdən uyğunlaşmanı asanlaşdırdı, çünki həyat ritmi daha ölçülü-biçilidir. Amma məni ən çox müsbət mənada təəccübləndirən yaşlıların həyat keyfiyyəti oldu. Azərbaycanda yaşlı insanların həyatı müəyyən yaşdan sonra daralır bu, ümumi bir təəssüratdır. Yaponiyada isə 70-80 yaşlı insanların aktiv, müstəqil və həyata bağlı olduğunu gördüm. Öz işlərini özləri görürlər, ictimai nəqliyyatdan rahatca istifadə edirlər, sosial həyatlarını davam etdirirlər. Bu mənə çox güclü təsir etdi yaşın həyatı məhdudlaşdırmaması lazım olduğunu burada daha aydın gördüm.

- Azərbaycan və Yaponiya cəmiyyətlərini müqayisə etsəniz, sizə görə iki xalq arasında ən böyük oxşarlıqlar və ən ciddi fərqlər nələrdir?

- İki xalqı müqayisə etmək həmişə maraqlı olur, çünki insanlar adətən fərqləri görür, oxşarlıqları isə gözardı edir.
Əslində Azərbaycan və Yaponiya cəmiyyətləri arasında düşündüyümdən çox ortaq nöqtə var. Böyüklərə hörmət hər iki mədəniyyətdə çox güclüdür. Yaponiyada yaşlı insana yanaşma tərzi, ona verilən dəyər mənə xatırlatdı ki, bu, bizim üçün də eynidir, sadəcə fərqli formada ifadə olunur. Ailə dəyərləri də hər iki cəmiyyətdə mərkəzi yer tutur.

Fərqlərə gəlincə, ən çox hiss etdiyim ictimai davranışdır. Yaponiyada ictimai məkanlarda səs-küy minimaldır, hər kəs bir-birinin şəxsi məkanına hörmət edir. Metroda heç kim telefonda ucadan danışmır, heç kim sizi itələmir. Bu o qədər təbii axır ki, bir müddət sonra siz də özünüzü ona uyğunlaşdırdığınızı hiss edirsiniz.
Yaponların xaricilərə münasibəti isə qarışıqdır, nə tam açıq, nə tam məsafəli. Nəzakətlidirlər, həmişə kömək etməyə hazırdırlar, amma dərin bir ünsiyyət qurmaq vaxt tələb edir. Azərbaycanlılar isə ilk görüşdən daha istiqanlı, tanış olmayan insanlarla da tez rahat münasibət qura bilirlər. Bu fərqi mən nə yaxşı, nə pis kimi dəyərləndirirəm, sadəcə iki fərqli mədəni koddur.



- Yaponiyada təhsil sistemi sizdə necə təəssürat yaradıb? Azərbaycan və Yaponiya universitetləri arasında əsas fərqlər nələrdir?

- Yaponiya universitetindəki təhsil sistemi mənim üçün əsl sürpriz oldu. Azərbaycanda təhsil prosesi daha çox imtahan mərkəzlidir nəyi öyrəndiyindən çox, imtahanda nə qədər yaxşı cavab verdiyinə baxılır. Yaponiyada isə fərqli bir yanaşma gördüm. Burada ciddi imtahanlardan çox, "nə öyrəndin, bunu necə tətbiq edə bilərsən" sualı mərkəzdədir. Reportlar, layihələr, müzakirələr - bunlar tələbənin real düşüncəsini ortaya qoyur, əzbərçiliyi deyil.
Dərslərdə verilən azadlıq da məni təəccübləndirdi. Tələbə mövzunu özü istiqamətləndirir, öz suallarını özü formalaşdırır. Bu əvvəlcə çətin görünür, çünki biz daha çox "nə deyiləcəyini gözləmək" üzərində böyümüşük. Amma bir müddət sonra bu azadlığın nə qədər dəyərli olduğunu anlayırsan. Azərbaycan təhsil sistemi əgər Yaponiyadan bir şey götürəcəksə, bu məhz həmin yanaşma olmalıdır - tələbəni passiv dinləyici yox, aktiv düşünən biri kimi görmək.

- Siz həm aşpazlıq sahəsində uğur qazanmısınız, həm də hazırda texnologiya istiqamətində təhsil alırsınız. Bu iki fərqli sahə sizin dünyagörüşünüzə necə təsir edib?

- Bu iki sahəni yan-yana qoymaq əvvəlcə qəribə görünə bilər, amma mənim üçün bunlar həmişə bir-birini tamamlayıb. Aşpazlıq mənə çox vacib bir şeyi öyrətdi - sevdiyin bir işin belə nə qədər səbr və texnika tələb edə biləcəyini. İnsan bir şeyi sevirsə, onun asan olacağını düşünür. Amma mətbəxdə öyrəndim ki, sevgi kifayət deyil dəqiqlik, təkrar, üzərində durmaq lazımdır. Bu anlayış texnologiya və tədqiqat sahəsində də eyni şəkildə işə yaradı. Digər tərəfdən, bişirmək mənim üçün sadəcə bir iş deyil, bir tərəfə çəkilmə üsuludur. Uzun bir tədqiqat günündən, ya da ekran qarşısında saatlar keçirdikdən sonra mətbəxə keçmək mənə ayrı bir rahatlıq verir. Əllər işləyir, ağıl isə nəfəs alır. Bir mənada bu iki sahə bir-birini balanslaşdırır - biri mənə düşündürür, digəri isə mənə dincəlməyi öyrədir. Bəlkə də həyatda ən yaxşı kombinasiya budur - bir şey sizi irəli aparır, başqa bir şey isə sizi özünüzə qaytarır.

- Yaponiyada yaşayış xərclərinin yüksək olduğu deyilir. Azərbaycanlı tələbə olaraq sizcə, bu belədirmi?

- Bu sualı mənə çox verirlər. Cavabım isə həmişə eynidir: vəziyyətdən asılıdır. MEXT təqaüdü tələbə həyatı üçün kifayət edir. Düzgün planlaşdırsanız, rahat yaşaya bilərsiniz çox da məhdudiyyət hiss etmədən. Amma bəzi xərclər doğrudan yüksəkdir. Nəqliyyat bunların başında gəlir, Yaponiyada qatara, metroya xərclənən pul aylıq büdcədə ciddi yer tutur. Tərəvəz və meyvə də xeyli bahadır. Bakıda bazara gedib ucuz-ucuz aldığınız şeylər burada qat-qat baha başa gəlir. Bu, xüsusilə ilk vaxtlar insanı təəccübləndirə bilir.

Amma böyük mənzərəyə baxanda maraqlı bir şey görürsünüz, bir nəfər üçün Bakıda da, Yaponiyada da aylıq xərc təxminən eyni çıxır. Fərq ondadır ki, xərclərin strukturu dəyişir. Bakıda bəzi şeylər ucuzdur, bəziləri bahadır, Yaponiyada isə bu balans fərqli şəkildə qurulub. Ona görə "Yaponiya baha" demək tam doğru olmaz. Daha dəqiq desək, "Yaponiya fərqli şəkildə bahadır".

- Sizcə yaponların uzunömürlülüyü nə ilə bağlıdır?

- Yaponların uzunömürlülüyü dünyada çox müzakirə olunan bir mövzudur və burada yaşayanda bu sirrin nədən ibarət olduğunu daha yaxşı anlayırsan. Məncə bunun arxasında bir yox, bir neçə şey dayanır. Birincisi yemək mədəniyyəti. Yaponlar adətən az yeyirlər, amma keyfiyyətli yeyirlər. Porsiyalar kiçikdir, tərkib sadədir. Artıq yemək, israfçılıq bu mədəniyyətdə yoxdur, süfrədə qalan yeməyi atmaq belə burada qəbahət sayılır. Bu münasibət özlüyündə sağlam bir həyat tərzinin əsasını qoyur.

İkincisi fiziki aktivlik. Yaponlar idmanı həyatlarının ayrılmaz hissəsinə çeviriblər. Yaşlı insanların səhər erkən parkda gəzdiyini, idman etdiyini görmək burada adi bir mənzərədir. Fit qalmaq onlar üçün ömür boyu davam edən bir vərdişdi.

Üçüncüsü isə məncə, ən vacib olanıdır - məqsədli yaşamaq. Yaponiyada "ikigai" anlayışı var, təxminən "yaşamaq üçün səbəb" deməkdir. İnsanın bir məqsədi, bir marağı, bir rutini olduğunda yaş nə olursa olsun, həyata bağlılığı da güclü olur. Bunu buradakı yaşlılarda aydın görürsən. Bütün bunları bir yerə qoyanda uzunömürlülük bir təsadüf deyil bir həyat fəlsəfəsinin nəticəsidir.

- Texnologiyalar Yaponiyada gündəlik yaşamda necə hiss olunur?

- Yaponiya dedikdə insanların ağlına dərhal robotlar, sürətli qatarlar, ən son texnologiya gəlir. Bu təsəvvür tamamilə yanlış deyil, amma tam da doğru deyil. Burada yaşayanda maraqlı bir ziddiyyəti görürsünüz. Bir tərəfdə robot ofisiantlar, avtomatlaşdırılmış sistemlər, dünyanın ən dəqiq işləyən ictimai nəqliyyatı var. Digər tərəfdə isə hələ də faks istifadə edilir. Bəzi rəsmi sənədləşmə prosesləri hələ də onlayn həll edilmir, şəxsən getmək, kağız doldurmaq tələb olunur. İlk dəfə bunu görəndə inana bilmirsiniz, texnologiya ölkəsi kimi tanınan bir yerdə bu mənzərə doğrudan gözlənilməzdir.

Məncə bu ziddiyyətin səbəbi Yaponiya cəmiyyətinin dəyişikliyə çox ehtiyatla yanaşmasıdır. Yeni texnologiyaları qəbul edirlər, amma köhnə sistemləri tərk etmək üçün tam əmin olmaq istəyirlər. Bu bəzən lənglik kimi görünür, amma eyni zamanda bir dəqiqlik və etibarlılıq anlayışının da əksidir.

Nəticədə Yaponiyada texnologiya həyatın hər yerinə eyni sürətlə daxil olmayıb, bəzi sahələrdə dünyadan irəlidədir, bəzilərində isə düşündüyünüzdən geri. Bu da onu daha maraqlı bir yer edir.



- Yaponiya sakinləri əcnəbilərə necə yanaşır?

- Yaponların əcnəbilərə münasibəti bu mövzuda çox şey deyilir, amma həqiqət həmişə ortadadır. Yaponlar əcnəbilərə qarşı ümumiyyətlə nəzakətli və köməksevərdirlər. Küçədə yolunuzu azdığınızda, bir şeyi tapa bilmədiyinizdə kömək etməyə həmişə hazırdırlar. Bəzən dil bilməsələr belə, jest və mimika ilə anlaşmağa çalışırlar. Bu səmimiyyət insanı həmişə isitir. Amma eyni zamanda müəyyən bir məsafə də var. Yaponlar xaricilərə qarşı maraqlıdırlar, amma dərin ünsiyyət qurmaq vaxt tələb edir. Bu soyuqluq deyil, sadəcə mədəni bir ehtiyatlılıqdır. Onlar hər kəslə tez-tez şəxsi münasibət qurmurlər, bu həm yaponlara, həm də xaricilərə eyni dərəcədə aiddir.

Maraqlı olan budur ki, xarici olmaq bəzən diqqət çəkir, xüsusilə Nara kimi daha sakit şəhərlərdə. İnsanlar baxır, bəzən təəccüblənir. Amma bu baxışlarda düşmənçilik yox, daha çox maraq hissi var. Zamanla buna da alışırsınız, hətta bəzən gülümsəyirsiniz. Ümumiyyətlə desəm, Yaponiyada əcnəbi kimi özünüzü nə tam içəridə, nə də tam kənarda hiss edirsiniz. Bu aralıq məkan bəzən çətin olsa da, öz mədəniyyətinizə olan bağlılığınızı daha güclü hiss etdirir.

- Sizcə, Azərbaycan Yaponiyadan nələri öyrənməlidir və əksinə?

- Bu sual hər iki ölkəyə sevgi ilə yanaşmağı tələb edir, nə birini göylərə qaldırmaq, nə də digərini kiçiltmək.
Azərbaycanın Yaponiyadan öyrənə biləcəyi ən vacib şey məncə ictimai intizam və dövlət xidmətlərinin səmərəliliyidir. Yaponiyada dövlət mexanizmi çox dəqiq işləyir - nəqliyyatdan tutmuş bürokratik proseslərə qədər hər şeydə bir nizamlılıq var. İctimai məkanlara hörmət, ümumi mülkə qayğı, bunlar Yaponiyada təhsildən, ailədən, cəmiyyətdən gələn dəyərlərdir. Bu mədəniyyəti bir gecədə qurmaq olmaz, amma ona doğru addımlar atmaq mümkündür.

Yaponiyanın Azərbaycandan öyrənə biləcəyi isə istiqanlılıq və ünsiyyetin açıqlığıdır. Yaponlar nəzakətlidirlər, amma bəzən bu nəzakət bir maneəyə çevrilir - hissləri ifadə etmək, birbaşa danışmaq çətin olur. Azərbaycanlıların isə insanlarla tez əlaqə qurma, səmimi münasibət yaratma bacarığı var. Bu isti ünsiyyət tərzi həm şəxsi, həm də peşəkar həyatda çox dəyərlidir. Yaponiyada bunu bəzən çatışmır kimi hiss edirəm.
Hər iki xalqın bir-birindən öyrənəcəyi çox şey var sadəcə bunun üçün əvvəlcə bir-birini dinləmək lazımdır.

- Yaşayıb işləmək üçün Azərbaycanı, yoxsa Yaponiyanı seçərsiniz və niyə?

- Bu sualın cavabı düşündüyünüzdən mürəkkəbdir və dürüst olmaq istəyirəm.
Hər ikisini sevirəm, amma hər ikisini tam mənada "seçmək" istəmirəm. Azərbaycan mənim kökümdür — ailəm, dilim, mədəniyyətim, özümü tam hiss etdiyim yer. Yaponiya isə məni böyütdü — düşüncəmi genişlətdi, peşəkar həyatımı formalaşdırdı, özüm haqqında çox şey öyrətdi. Bu iki yer mənim üçün bir-birinin alternativi deyil, bir-birini tamamlayan iki dünya. Birini seçmək digərindən əl çəkmək kimi görünür, bu isə mənə düzgün gəlmir.



- Yenidən imkanınız olsaydı, Azərbaycandan Yaponiyaya oxumağı seçərdiniz?

- Bəli və bunda heç bir tərəddüdüm olmazdı. Yaponiya mənim üçün sadəcə bir təhsil yeri olmadı. Buraya gələndə bir tələbə idim, amma bu illər ərzində özümü, dünyaya baxışımı, nələr istədiyimi daha yaxşı anladım. Bu cür dəyişiklik hər yerdə baş vermir, bunun üçün doğru mühit, doğru vaxt, doğru cəsarət lazımdır. Çətin anlar da oldu, məsələn dil, mədəni fərqlər, uzaqlıq. Amma bu çətinliklərin hər biri mənə bir şey öyrətdi. Rahatlıq zonasından çıxmadan insan nə qədər böyüyə bilər ki? Ona görə əgər ikinci dəfə dünyaya gəlsəydim, eyni yolu seçərdim. Bəlkə daha cəsur olardım, daha tez addım atardım. Amma son nöqtə eyni olardı, Yaponiya.

- Xaricdə yaşamaq insanın öz ölkəsinə baxışını dəyişir deyirlər. Siz Yaponiyada yaşadıqca, Azərbaycana hansı fərqli gözlə baxmağa başlamısınız?

- Xaricdə yaşamaq insanı öz ölkəsinə daha diqqətli baxmağa məcbur edir. Uzaqdan görürsən ki, nəyi həmişə normal saymışsan, əslində nə qədər dəyərli imiş. Azərbaycanla bağlı ən çox darıxdığım şey hər şeydən əvvəl ailə və yeməkdir, əlbəttə. Amma bunun arxasında daha dərin bir şey var: öz xalqınla içiçə olmağın rahatlığı. Azərbaycanda küçədə, bazarda, qonşuluqda hər yerdə insanların düşüncə tərzini, zarafatını, həyata baxışını sezdiyim bir tanışlıq hissi var. Xaricdə isə hər ünsiyyət müəyyən qədər diqqət tələb edir - mədəni kodu oxumaq, yanlış başa düşülməmək üçün. Bu yorucu olmur, amma Azərbaycandakı o məsafəsiz, istiqanlı münasibətin çatışmazlığını hiss edirsən.

Bakıya qayıdanda isə Yaponiyanın sakit ictimai mühiti üçün darıxıram, o intizamı, o şəxsi məkana hörməti istəyirəm. Bunlar insanın fərqinə varmadan alışdığı şeylərdir, yoxluğunda isə daha aydın görünür.
Yaponiyada yaşadıqca, Azərbaycana baxışım əsasən dəyişməyib - ölkəmi həmişə sevmişəm və bu hiss qalır. Bəlkə sadəcə bəzi dəyərlərimizin - istiqanlılığımızın, qonaqpərvərliyimizin - nə qədər xüsusi olduğunu daha yaxşı anladım. Bəzən ən yaxın olana uzaqdan baxanda daha aydın görürsən.

- Yaponiyada Azərbaycanı necə tanıdır və təqdim edirsiniz? Yaponların ölkəmizlə bağlı ən çox verdiyi suallar hansılardır?

- Yaponiyada Azərbaycanı tanıtmaq mənim üçün həm məsuliyyət, həm də zövqdür. Bir neçə il əvvəl Azərbaycan haqqında bilgisi olan yapon demək olar ki, yox idi. Amma Ekspo-dan sonra vəziyyət dəyişdi, indi ən azından adımızı eşidənlər var, bəziləri coğrafi yerləşməmizi də bilirlər. Bu kiçik bir dəyişiklik kimi görünə bilər, amma xaricdə yaşayan biri üçün "Azərbaycan? Hə, bilirəm!" eşitmək ayrı bir sevinc verir. Yaponlar ən çox coğrafiyamızı və mədəniyyətimizi maraqlı tapırlar - Xəzər dənizi, Qafqaz, Şərq ilə Qərb arasındakı mövqeyimiz onları düşündürür. "Müsəlman ölkəsisiniz, amma..." deyə başlayan suallar çox olur. Mən isə Azərbaycanı ən yaxşı bildiyim dillə, yeməklə tanıdıram. Yapon dostlarıma Azərbaycan yeməkləri bişirəndə onların üzündəki ifadə hər dəfə eyni olur, əvvəlcə ehtiyatlı bir maraq, sonra tam bir məmnuniyyət. Yemək bütün dil maneələrini aşır. Bir sini plov, bir kasa düşbərə - bunlar heç bir tərcüməyə ehtiyac duymur. Məncə, bir xalqı tanıtmağın ən səmimi yolu budur.

- Xaricdə yaşayan azərbaycanlı gənc kimi diaspor fəaliyyətini necə qiymətləndirirsiniz?

- Xaricdə yaşayan bir azərbaycanlı gənc kimi diaspor fəaliyyətinin nə qədər vacib olduğunu hər gün hiss edirəm. İnsan öz ölkəsindən uzaqda olanda həm özünü təmsil edir, həm də bir növ körpü rolunu oynayır, iki mədəniyyət arasında. Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini şəxsən "Yay düşərgəsi" vasitəsilə yaşadım və bu təcrübə mənim üçün çox dəyərli oldu. Dünyanın müxtəlif ölkələrindən gələn azərbaycanlı gənclərlə tanış olmaq, onların hekayələrini eşitmək, bu özlüyündə böyük bir zənginlikdir. Orada qazandığım dostluqlar bu gün də davam edir.

Amma dürüst olmaq istəyirəm, bu sahədə daha çox iş görülə bilər. Məncə, tədbirlər daha tez-tez və daha müxtəlif istiqamətlərdə keçirilməlidir. Yalnız mədəni tanıtım deyil, gənclərə peşəkar inkişaf, şəbəkə qurma, öz sahələrində əməkdaşlıq imkanları da yaradılmalıdır. Xaricdəki azərbaycanlı gənclərin potensialı böyükdür, bu potensialı düzgün istiqamətləndirmək üçün isə müntəzəm və məzmunlu platformalar lazımdır.



- Komitənin təşkil etdiyi VI "Yay düşərgəsi"ndə iştirakınız sizə nə qazandırdı?

- "Yay düşərgəsi" mənim üçün gözlədiyimdən çox daha dəyərli bir təcrübə oldu. Dünyanın müxtəlif ölkələrindən gələn azərbaycanlı gənclərlə bir yerdə olmaq, bu özlüyündə çox xüsusi bir hissdir. Hamımız fərqli ölkələrdə yaşayırıq, fərqli sahələrdə çalışırıq, fərqli təcrübələr keçirmişik. Amma eyni dili danışırıq, eyni dəyərləri paylaşırıq. Bu ortaqlıq insanı çox tez yaxınlaşdırır.

Düşərgədə ən çox dəyər verdiyim şey isə məzmunlu təlimlər və seminarlar idi, yalnız dinləyib getdiyimiz deyil, iştirak etdiyimiz, düşündüyümüz, bir-birimizlə fikir mübadiləsi etdiyimiz formatlar. Belə anlarda ətrafınızdakı insanları daha dərindən tanıyırsınız. Rəsmi bir tədbirdə deyil, bir söhbətin ortasında kiminsə bir cümləsindən, bir sualından insanı kəşf edirsiniz. Məhz bu məqamlar yadda qalır.

Orada qazandığım dostluqlar bu gün də davam edir. Müxtəlif ölkələrdə, müxtəlif sahələrdə çalışan insanlarla eyni platformada tanış olmaq bu əlaqələrin dəyərini zaman daha yaxşı göstərir. Düşərgə mənə bir daha xatırlatdı ki, xaricdə olmaq tənhalıq demək deyil əgər doğru insanlarla, doğru mühitdə bir araya gələ bilsən.

- İşğaldan azad olunmuş Qarabağa ilk səfəriniz zamanı hansı hissləri keçirdiniz?

- Yaponiyadan, dünyanın o biri ucundan gəlib, öz torpağında ilk dəfə ayaq basmaq, bunu sözlə tam ifadə etmək çətindir. Şuşanı gördüm. Uşaqlıqdan eşitdiyim, nəğmələrdə, şeirlərdə yaşayan Şuşa indi qarşımda idi. İnsan bəzən bir yeri o qədər çox hisslə tanıyır ki, oraya çatanda sanki həm yad, həm də doğma gəlir. Şuşada məhz bu hissi keçirdim. Orada gördüklərim qarışıq hisslər yaratdı - bir tərəfdə illər boyu buraxılan izlər, digər tərəfdə isə yenidən qurulan, dirçələn bir torpağın ümidi. Dağıdılmış binaların yanında ucalan yeni tikililər, o sükut, o hava — hamısı birlikdə çox güclü bir şey idi.

Amma ən çox yadımda qalan hiss qürur idi. Xaricdə yaşayan biri kimi çox vaxt Azərbaycanı izah etmək, tanıtmaq, müdafiə etmək məcburiyyətində qalırsan. Şuşada isə heç nəyi izah etməyə ehtiyac yox idi, sadəcə orada olmaq kifayət edirdi. O torpağın üstündə dayandığında bəzi şeylər sözə ehtiyac duymur.

- Yaponiyaya getmək istəyən azərbaycanlı gənclərə ilk tövsiyəniz nə olardı? Gələcək planlarınız necədir?

- Yaponiyaya getmək istəyən gənclərə ilk tövsiyəm sadədir - mədəni dəyişikliyə hazır olun. Bu cümlə qulağa asan gəlir, amma əslində nə demək olduğunu yalnız yaşayanda anlayırsan. Yaponiya sosial mediada gördüyünüzdən həm daha gözəl, həm də daha mürəkkəbdir. Animelər, turistik fotolar, "kawaii" mədəniyyəti - bunlar Yaponiyanın yalnız bir qatıdır. Real həyatda isə fərqli bir cəmiyyət nizamı, fərqli bir ünsiyyət tərzi, fərqli gözləntilər var. Bunları kitabdan öyrənmək olmur, yalnız içindən keçərək başa düşürsən.

Ona görə də ən vacib şey açıq qalmaqdır. Hər şeyi əvvəlcədən bilmək iddiasında olmamaq, səhv etməkdən qorxmamaq, fərqliliyi problem kimi deyil, öyrənmə fürsəti kimi görmək. Dil bilməsən belə mən də burada öyrəndim, bu, sizi dayandırmasın.

Gələcək planlarıma gəlincə, hazırda təhsilimi bir pilə daha yuxarı səviyyədə davam etdirməyi düşünürəm. Tədqiqat sahəmdə daha dərinə getmək, daha çox öyrənmək istəyirəm. Bundan sonrasını isə hələ açıq saxlayıram - həyat bəzən planlardan daha maraqlı yollar göstərir.