“Onların uşaq olduğunu nəzərə alaraq sual tərtib edin” – Təhsil ekspertindən DİM-ə ETİRAZbackend

“Onların uşaq olduğunu nəzərə alaraq sual tərtib edin” – Təhsil ekspertindən DİM-ə ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir fənni çətinləşdirdikdə abituriyentə savad öyrətmiş sayılmırsınız, yaxud da, kadr hazırlamırsınız. Sizin işiniz imtahan üçün sual tərtib etməkdir. Xahiş edirik, normal bir imtahan keçirin”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Ramin Nurəliyev öz feysbuk hesabında Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul imtahanlarının suallarını tərtib edən ekspert, bunker və müəllim heyətinə ünvanlayıb.

Ekspertin fikirlərini olduğu kimi təqdim edirik:

“5-6 fəndən, 5-ci sinifdən 11-ci sinfə kimi bütün mövzuları əhatə edən qəbul imtahanı keçirirsiniz. Bu qədər fənn və mövzunu 11-ci sinif şagirdinin hansı səviyyədə hazırlaşdığını bilirsinizmi? Səhərdən günortaya kimi orta məktəbdə olan, günorta yeməyini kortəbii yeyib o hazırlıqdan bu hazırlığa qaçan, kitab-dəftər dolu ağır çantası ilə axşama kimi müəllimlərin yanında 5-6 fəndən hazırlaşan, tapşırıqları metroda, avtobusda, küçədə yazan, gec saatlarda gəlib axşam yeməyini yeyən və bu yorğunluqla dərs oxuyan şagirdi nəzərə alaraq sual tərtib etmənizi xahiş edirik. Sertifikasiya imtahanında öz fənni üzrə illərlə dərs keçən, lakin 1 fənn üzrə 50 faiz nəticə toplaya bilməyən müəllimi nəzərə alaraq 5-6 fəndən hazırlaşan 11-ci sinif şagirdi ilə müqayisə edib sual tərtib edin. Valideynin min əziyyətlə pul qazanaraq övladı üçün təhsilə tökdüyü zəhməti, qabarmış əllərini nəzərə alaraq sual tərtib edin. Universitetə qəbul imtahanlarını asanlaşdıran dünya dövlətlərini nəzərə alaraq, beynəlxalq təcrübəyə nəzər yetirərək sual tərtib edin. Gənclərin psixologiyasını, boş qalan plan yerlərini, xarici ölkə universitetlərinə axın edən kütləni nəzərə alaraq sual tərtib edin. Çox xahiş edirik, inadınızın deyil, vicdanınızın səsini dinləyərək, müəllimlərin zəhmətini qiymətləndirərək, uşaqların uşaq olduğunu nəzərə alaraq sual tərtib edin. Heç olmasa fəryad edən təhsil mütəxəssisələrinin, bəyənmədiyiniz təhsil ekspertlərinin tövsiyələrini diqqətə alaraq sual tərtib edin”, – deyə o etiraz edib.