Regionda baş verən müharibə və İsrail/ABŞla İran arasında intensivləşən bombardmanlar son günlərin ən çox müzakirə olunan mövzularındandır. Hava zərbələri, raket atəşləri və artilleriya hücumları nəticəsində böyük partlayışlar baş verir və bu, həm əhalinin təhlükəsizlik hissini artırır, həm də regionda gərginliyi dərinləşdirir. İnsanlar isə tez-tez soruşurlar ki, bu cür müharibə fəaliyyətləri yer qabığında hərəkətlilik yaradaraq güclü zəlzələlərə səbəb ola bilərmi.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan seysmoloq Ənvər Əliyev bildirib ki, müharibə və bombardmanlar yer qabığında yalnız lokal stress yarada bilər, lakin bunun regional miqyaslı zəlzələlərə səbəb olması ehtimalı çox aşağıdır.

Onun sözlərinə görə, güclü tektonik hərəkətlər və zəlzələlər uzun müddət ərzində yer qabığında enerji yığılması nəticəsində baş verir və insan tərəfindən yaradılan partlayışlar bu enerjini ciddi şəkildə artıra bilmir:
“Regionda aktiv tektonik xətlərin mövcudluğu təbii zəlzələlərin baş verməsinə təsir edə bilər, lakin müharibə fəaliyyətləri ilə birbaşa əlaqələndirilə bilməz. İnsanlar partlayışlar nəticəsində meydana çıxan kiçik vibrasiyaları zəlzələ kimi hiss edə bilərlər, amma bunlar real seysmoloji proseslər deyil və ciddi dağıntı yaratmaq gücündə deyil.
Regiondakı sakinlər əsas diqqəti təbii tektonik risklərə, tikililərin keyfiyyətinə və fövqəladə hallar planlarına yönəltməlidirlər. Müharibənin yaratdığı partlayışlar yalnız lokal təhlükə və panika ilə bağlıdır, genişmiqyaslı geoloji fəlakət riski yaratmır.
Nəticə etibarilə, hazırkı vəziyyət insan həyatına və regional təhlükəsizliyə ciddi təsir etsə də, güclü zəlzələlərin gözlənilməsi elmi baxımdan əsaslı deyil”.
Tunar
NOCOMMENT.az













