Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın xarici siyasət kursu və Rusiya ilə münasibətlərin gələcəyi barədə diqqətçəkən bəyanatla çıxış edib. Nazir ölkəsinin Moskva ilə əlaqələri tamamilə kəsmək niyyətində olmadığını vurğulayıb.
NOCOMMENT.az xəbər verir ki, Ararat Mirzoyan ölkəsinin heç bir qlobal güclə ittifaqı pozmaq fikrində olmadığını bildirib: "Biz tərəfdaşlarımızın heç biri ilə 'boşanmaq' üçün ərizə vermək və ya onlardan ayrılmaq niyyətində deyilik. Biz həmçinin Ermənistan-Rusiya münasibətlərində münaqişə yaratmaq, yaxud daha doğru ifadə etsək, gərginlik formalaşdırmaq fikrindən uzağıq. Biz çoxsaylı təmaslarla bir-birimizə bağlı olan tərəfdaşlarıq".
XİN rəhbəri əlavə edib ki, İrəvan Rusiya Federasiyası ilə qarşılıqlı faydalı münasibətlərin sağlam atmosferdə inkişaf etdirilməsinin tərəfdarıdır.
Qeyd edək ki, rəsmi İrəvanın bu açıqlaması Rusiya Prezidenti Vladimir Putinin bir müddət əvvəl verdiyi bəyanata cavab xarakteri daşıyır. Belə ki, mayın 9-da Putin bəyan etmişdi ki, Ermənistan Avropa İttifaqı (Aİ) və ya Avrasiya İqtisadi İttifaqında (AVROZİYA) iştirakı ilə bağlı məsələdə mümkün qədər tez qərar verməlidir və yalnız bu təqdirdə tərəflər arasında "intelligent (mədəni) boşanma" yolu münkün ola bilər.
Sara,
NOCOMMENT.az












