Sürücüləri ölümə aparan yol - ŞOK VİDEO yayıldı

Sürücüləri ölümə aparan yol - ŞOK VİDEO yayıldı

Azərbaycanın ən mühüm və strateji nəqliyyat arteriyalarından biri olan Bakı–Qazax magistral avtomobil yolunda gecə saatlarında hərəkət edən sürücülər hər gün ölüm qorxusu ilə üz-üzə qalırlar. Yol infrastrukturunun müəyyən hissələrinin yenilənməsinə, asfalt örtüyünün bərpa edilməsinə baxmayaraq, magistralın kilometrlərlə uzanan böyük bir qismində işıqlandırma sisteminin olmaması və ya işləməməsi sürücüləri həyəcan təbili çalmağa məcbur edib. Xüsusilə axşam saatlarından etibarən qaranlığa qərq olan yolda görmə məsafəsi minimuma enir ki, bu da dumanlı, yağışlı və qarlı hava şəraitində vəziyyəti tamamilə idarəolunmaz hala gətirir.

Magistral boyu hərəkət edən sürücülər yol nişanlarını vaxtında seçə bilmədiklərini, yol kənarında nasazlıq səbəbindən dayanan nəqliyyat vasitələrini və ən dəhşətlisi, qaranlıqda yolu keçməyə çalışan piyadaları yalnız son anda fərq etdiklərini bildirirlər. Bir çox ağır və ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin kökündə məhz bu qaranlıq tuneli xatırladan yol şəraiti dayanır.

Vətəndaşlar aidiyyəti dövlət qurumlarını bu illərdir həllini tapmayan xroniki problemi diqqət mərkəzində saxlamağa və xüsusilə yaşayış məntəqələrindən keçən intensiv hissələrdə təxirəsalınmaz şəkildə müasir işıqlandırma dirəklərinin quraşdırılmasına çağırırlar.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan nəqliyyat üzrə ekspert Tale Ələddinzadə qeyd edib ki, beynəlxalq standartlara görə, respublika və beynəlxalq əhəmiyyətli magistral yolların müəyyən kritik hissələri mütləq şəkildə işıqlandırılmalıdır: "Bakı–Qazax yolu sadəcə daxili rayonları birləşdirmir, həm də tranzit xarakterli beynəlxalq bir dəhlizdir. Belə bir yolda işıqlandırma sisteminin olmaması qəbul edilməzdir. Tam qaranlıq mühitdə yüksək sürətlə hərəkət edən sürücünün vizual qavrayışı kəskin şəkildə zəifləyir. İşıqlandırmanın olmaması sürücünün qarşıdakı təhlükəyə qarşı reaksiya müddətini (reaction time) uzadır. Gözlənilməz maneə çıxdıqda sürücü əyləci basmağa fiziki olaraq vaxt tapmır və bu da birbaşa ağır qəzalara, insan tələfatına yol açır. Yolun infrastrukturu nə qədər müasir olur-olsun, işıq yoxdursa, orada təhlükəsizlikdən danışmaq qeyri-mümkündür".

Onun sözlərinə görə, problemə yalnız dövlət büdcəsi və xərc kontekstindən yanaşmaq insan həyatını arxa plana keçirmək deməkdir: "Biz tez-tez eşidirik ki, magistral yolların bütünlüklə işıqlandırılması böyük maliyyə və enerji sərfi tələb edir. Lakin müasir dövrdə alternativ enerji mənbələri, xüsusilə günəş panelləri ilə işləyən LED işıqlandırma sistemləri mövcuddur ki, bu da həm qənaətcildir, həm də dayanıqlıdır. Əgər yolun bütün kilometrlərini işıqlandırmaq mümkün deyilsə, ən azından dönmələr, kəsişmələr, körpülərin ətrafları və yaşayış məntəqələrinə yaxın olan yüksək riskli zonalar mütləq işıqlı olmalıdır. Aidiyyəti qurumlar hər baş verən qəzada yalnız sürücünü günahlandırmaq tərzi ilə məsuliyyətdən qaçmamalıdırlar. Yolun qaranlıq olması qəza şəraitini yaradan fundamental bir infrastruktur qüsurudur və bu qüsur dərhal aradan qaldırılmalıdır".



Sara
NOCOMMENT.az