Paşinyanın impiçmenti mümkündür? – ŞƏRHbackend

Paşinyanın impiçmenti mümkündür? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tavuş arxiyepiskopu Baqrat Srbazanın və Ermənistanın ikinci prezidenti Robert Koçaryanın birgə başlatdığı “Vətən naminə Tavuş” aksiyası bir müddət regionlarda lazımı dəstək toplaya bilmədikdən sonra istiqaməti paytaxt İrəvana doğru götürmüşdü. Dünən isə İrəvanın mərkəzində keçirilən aksiya öz final mərhələsinə qədəm qoyub. Baş verənlər isə hərəkatın siyasi planının olmadığından, kortəbii şəkildə hazırlanmasından xəbər verir. İlk olaraq söyləmək lazımdır ki, gözlənilənin əksinə olaraq, meydana istənilən kütləni yığmaq mümkün olmayıb. Rəqəmlər müxalifət mediası tərəfindən şişirdilsə də, aksiya iştirakçılarının sayının heç 20 minə çatmadığı məlum olub. İran və ərəbdilli mediada yayılan xəbərlərdə isə “bir neçə minlik aksiya” başlıqlarının kifayət qədər bol olması da bu fikri qüvvətləndirir. Təxribata cəhd də ara qarışdırmaq, güc istifadəsinə nail olmaq üçün düşünülsə də, nəticə əldə edilmədi. Məsələn, “Kamaz” markalı avtomobili aksiya iştirakçılarının üzərinə sürən şəxs saxlanılıb. Məlum olub ki, o, içkilidir. Buna bənzər ssenarilərə Ermənistanda Koçaryanın hakimiyyəti illərində müraciət edilib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, eyni zamanda dəfələrlə ali məktəblərə müraciət edilsə də, İrəvan Dövlət Universiteti və başqa ali təhsil ocağından cəmi 200 tələbə aksiyalara qoşulub.

Bununla yanaşı, “BBC”, “Politico”, “The Washington Post” kimi nüfuzlu media qurumlarının dərhal hərəkətə keçməsi də əslində küləyin hansı səmtdən əsməsindən xəbər verir. Aksiya isə biabırçılıq və fiasko ilə yadda qaldı.

İkinci prezident Robert Koçaryanın liderlik etdiyi “Ermənistan” (“Hayastan”) fraksiyasının deputatı Qarnik Danielyan mitinq iştirakçılarını təhqir edib. Buna səbəb isə aksiyaya qoşulanların onlardan boş danışıqlar yox, dəqiq hərəkətlər gözlədikləri ilə bağlı olub. Elə bu fakt aksiyanın boş və mənasız, kreslo davasından başqa bir məqsədə qulluq etmədiyindən xəbər verir. Təşkilatçı Baqrat Srbazanın keçmiş müdafiə naziri Seyran Ohanyanın müşayiəti ilə “Yerevan Palace” otelində Robert Koçaryanla görüş keçirməsi, görüşdən sonra yenidən mitinq iştirakçılarının qarşısına çıxaraq nitq söyləməsi də onun təlimat əsasında hərəkət etdiyini bir daha sübut edir. Çünki aksiya zamanı keşiş müraciət edərək bildirib ki, növbəti addımları müəyyən etmək üçün müzakirələr aparmaq lazımdır.

Plansız və proqramsız aksiya təşkil edən, istədiyinə nail olmayan, kütləni ətrafına yığa bilməyən Srbazan birdən anlayır ki, ona məşvərət lazımdır. Ermənistanın ikinci prezidenti ilə görüşdükdən sonra Baqrat bəyan edib ki, parlamentin iki fraksiyası etimadsızlıq votumuna start verəcək. İtaətsizlik aksiyaları isə 2-3 gün davam edəcək və bütün məsələlər həll ediləcək. Elə xoruzun da quyruğu burada görünür. Əgər hakim fraksiya parlamentdə çoxluq təşkil edirsə, etimadsızlıq votumu necə elan ediləcək? Məlum olur ki, Koçaryan və Baqratın ittifaqının demarkasiya prosesi ilə bağlı heç bir siyasi gündəmi yoxdur. Mitinqdə də heç bir siyasi ideya və konsepsiya səsləndirilmədi. Səsləndirilən yeganə tələb baş nazirin istefası ilə bağlı olub.

Burada onların müxalifət sıralarında qarşısıalınmaz parçalanmaya səbəb ola biləcək son dərəcə həssas məsələ ilə üzləşəcəkləri qaçılmazdır. Birincisi, Koçaryan və Sarqsyan fraksiyasında cəmi 35 deputat var. Ermənistan parlamentində isə etimadsızlıq votumunu gündəliyə salmaq üçün ən azı 36 səsə ehtiyac var. Elə bu səbəbdən də bir neçə gündür müxalifət mediasında “Vətəndaş müqaviləsi” deputatları Srbazana dəstəyini bildirib, hakim partiyanın müəyyən deputatları bizə qoşulur tipli xəbərlər yayılır. Baqrat Srbazanın mitinqdə adını çəkdiyi Rustam Bakoyan və Şirak Torosyan kimi deputatlar da sosial şəbəkələrdə Paşinyana dəstəyini ifadə ediblər. Bununla da hakim partiyadan tərəfdar toplamaq planının fiaskoya uğrayacağını söyləmək asandır.

Kilsə və Koçaryan ittifaqının yeganə ümidi belə halda müstəqil deputat İşxan Zakaryan olaraq qalır. Əgər müxalifət onu öz tərəfinə çəkə bilsə, etimadsızlıq votumunu parlamentin gündəliyinə salmaq mümkün olacaq. Bu isə heç də qətnamənin qəbul edilməsi mənasına gəlmir, əksinə, hakim partiya səs çoxluğu ilə bu qətnaməni ilk oxunuşda tarixin küncünə göndərə biləcək. Çünki etimadsızlıq votumunun qəbul edilməsi üçün 54 səsə, yəni Paşinyan partiyasından 18 deputatın səsinə ehtiyac var. Hadisələrin gedişatı isə belə bir ssenarini mümkünsüz edir. Bununla da, Milli Assambleyada etimadsızlıq votumu fikrinin iflasa uğrayacağı gün kimi aydındır. Amma qətnaməni parlamentə təqdim etməzdən və tələb olunan 36 imzanı toplamazdan əvvəl Koçaryan, Sarkisyan və Qareginin qarşısında daha çətin vəzifə durur.

Ermənistanın Konstitusiyasına əsasən, baş nazirə etimadsızlıq bildirmək barədə qərar layihəsi yalnız o halda təqdim edilə bilər ki, qərar layihəsi ilə eyni vaxtda baş nazir vəzifəsinə yeni namizəd təklif olunsun. Yuxarıda qeyd etdiyimiz müxalif düşərgədə parçalanma da məhz bu anda başlaya biləcək. Çünki vahid namizəd ətrafında birləşmək hazırda qeyri-mümkün görünür. Bu namizəd Koçaryan, Sarqsyan və Qaregin üçün dərhal məqbul olmalı, etirazçıları özündən uzaqlaşdırmamalıdır.

Məsələyə başqa prizmadan yanaşaq, birləşən qüvvələrin hər birinin baş nazir postuna öz namizədi var. Məsələn, Koçaryan öz namizədliyini təklif edə bilər. Bunu isə digər müxalifət partiyaları ilə yanaşı, xalq qəbul etməyəcək. Artıq siyasi tarixin bir zibilliyinə atılan və gün keçdikcə siyasi meyitə çevrilən Robertin siyasi arenaya qayıtması mümkünsüz görünür. Nə Kremldəki dayaqları, nə də pulla istədiyini yazdıracağı media resursları, nə də milyonçu dostlarının dəstəyi ona yardım edə bilməyəcək. Serj Sarqsyan isə Ermənistanın keçmiş ombudsmanı, “Tatoyan” fondunun rəhbəri, Azərbaycana qarşı sərsəm və axmaq bəyanatları ilə tanınan Arman Tatoyanı namizəd kimi göstərə bilər. Qərb dairələri yaxşı münasibətləri olan və Rusiyanın bəzi siyasi kulislərində dəstək tapan Tatoyanın adı 2 il əvvəl də baş nazir postuna hallanmışdı. Amma hakim partiyanın müəyyən hərəkətləri nəticəsində Arman oyundan kənara çəkilərək, susqunluğa qərq olmuşdu. Bu dəfə də birdən-birə aktivləşməsi də yenidən namizəd olduğu ilə əlaqəlidir. Çünki Baqrata qoşulanda da siyasi ambisiyasının olmadığını desə də, uzun müddətdir könlündə baş nazir postuna yiyələnmə arzusunun olduğunu artıq hər kəs bilir. II Qareginin isə namizədi Baqrat Srbazan ola bilər.

İndi isə yenidən etimadsızlıq votumu məsələsinə qayıdaq. Bu ssenari 2022-ci ilin 14-15 sentyabrında da irəli sürülüb və uğursuzluğa düçar olub. İndi də hadisələrin və gedişatların analizi sübut edir ki, bu dəfə uğursuzluq yaşanacaq. Paşinyan isə bundan qanuni yollarla faydalana bilər. Məsələn, bu, Nikola parlamentdə baş nazirin istefası ilə bağlı istənilən müzakirəni ən azı altı ay təxirə salmağa hüquqi əsas verəcək. Bu isə növbəti seçkilərə qədər müxalifəti buxovda saxlamağa imkan yaradacaq.

Eyni zamanda qeyd etmək lazımdır ki, məsələlərin bu məcrada davam etməsi hökumət başçısını da müəyyən addımlar atmağa sövq edə bilər. Bunların sırasında aksiyanın liderlərinin, xüsusən də Baqratın həbsi var. Eyni zamanda Serj Sarqsyan, II Qareqin və Robert Koçaryan qarşı yeni cinayət işləri açılmaqla yanaşı, məhkəmələrdə davam edən işlər də sürətləndirilə bilər.

Baqrat isə dəstəsi ilə bu gün ali təhsil müəssisələrinə yürüş edir, qarşısında aksiyalar keçirir, tələbələri hərəkata qoşmaq üçün min cür fırıldağa əl atır. Yəqin ki, hakim partiyanın siyasi elitası baş verənləri izləyir, analiz edir və yaxın vaxtlarda ciddi əks-hücuma keçəcək.