Paşinyanın rəqibi Qarabağ klanından niyə üz döndərdi?backend

Paşinyanın rəqibi Qarabağ klanından niyə üz döndərdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artur Vanetsyan etiraz hərəkatının perspektivsizliyini gördüyünə görə istefa verdi”.

NOCOMMENT xəbər verir ki, bu sözləri yenisabah-a açıqlamasında siyasi şərhçi Natiq Miri deyib.

O, Ermənistanın müxalif “Patev unem” (“Şərəfim var”) fraksiyasının rəhbəri Artur Vanetsyanın istefasının pərdəarxası məqamlarına toxunub.

Xatırladaq ki, Artur Vanetsyan sosial şəbəkə hesabında rəhbərlik etdiyi blokun fəaliyyətini dayandırması ilə yanaşı, deputat mandatından imtina etməsi barədə məlumat yayıb.

N.Miri izah edib: “Artur Vanetsyan Paşinyan hökumətində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru olub. Vəzifədən çıxarılandan sonra isə müxalif qüvvələrə, o cümlədən “Qarabağ klanı”nın üzvü, eks-prezident Serj Sarkisyanın rəhbəri olduğu güc mərkəzinə yaxınlaşıb və parlament seçkilərinə qatılıb. Vanetsyanın deputat seçilməsi bilavasitə Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyası sayəsində mümkün olub.

Xatırlayırsınızsa, Vanestyan etiraz aksiyalarının ilk qaranquşu oldu. O, Moskvaya yollandı, qayıdan sonra isə İrəvanın mərkəzində oturaq bir aksiya təşkil etdi. Sonra “Daşnaksutyun” Partiyasının nümayəndəsi İşxan Saqatelyan aparıcı qüvvə kimi ortaya çıxdı.

Bu aksiyalarını maliyyəşdirən bilavasitə Robert Köçəryan və ona bağlı olan biznes qruplarıdır. Aksiyalarının səngiməsinin bir səbəbi maliyyə qaynaqlarının zəifləməsi ilə bağlıdır.

Vanetsyan düşünürdü ki, aksiyalar kontektsində müxalifət yeni bir sima kimi onun namizədliyini irəli sürəcək. Belə olan halda hakimiyyət dəyişikliyi və yeni simanın cəmiyyətə təqdim olunması daha asan olardı. Ancaq bu baş vermədi. Əksinə, maliyyəni verən şəxs – Köçəryan yeni bir simanın – Saqatelyanın ortalığa çıxmasına şərait yaratdı. Çünki o, Milli Məclis sədrinin müavinidir”.

Siyasi şərhçinin sözlərinə görə, aksiyaların uğursuzluğunda səbəblərdən digəri vahid liderin razılaşdırılmamasıdır: “Robert Köçəryan və Serj Sarkisyan “Qarabağ klanı”nın liderləri olduğu üçün erməni cəmiyyətində onlara patoloji nifrət var. Məhz buna görə mitinqlər Ermənistanda kütləviləşmədi. Vanetsyan da bu perspektivsizliyi gördü, özünün vahid sima kimi bu hərəkata başçılıq etmə gücünün olmadığını anladı və “Qarabağ klanı”nın parlamentdəki təmsilçisi olmaqdan imtina etdi. Özü gələcəkdə yeni bir sima, yeni bir komanda ilə müxalif siyasi güc mərkəzi yaratmağa iddia edə bilər”.