PUTİNİN “MƏXFİ FƏRMANLARI” – Fərmanlarda nələr var?backend

PUTİNİN “MƏXFİ FƏRMANLARI” – Fərmanlarda nələr var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya qarşı işğalçılıq müharibəsi təkcə işğala məruz qalan ölkədə deyil, Rusiyanın özündə də xeyli dəyişikliklərə səbəb olub. Bu dəyişikliklər neqativ xarakter daşımaqla, iqtisadiyyatdan tutmuş sosial-siyasi həyata, hüquq-mühafizə sisteminə, qanunverici və icraedici orqana qədər bütün istiqamətlərdə özünü büruzə verir. Eləcə də işğala start vermiş ölkə başçısının özü tərəfindən dinc dövrdə ağlasığmaz hesab olunan qərar və fərmanlar qəbul olunur…

NOCOMMENT.az Azpolitika.info-ya istinadən xəbər verir ki, Vladimir Putinin 2023-cü il ərzində verdiyi məxfi fərmanların sayı dəfələrlə artıb. Rusiyanın “Mediazona” portalının bu barədə araşdırmasının nəticələrinə görə, ötən 2023-cü ildə Putin tərəfindən 997 fərman imzalanıb və onların tən yarısı “məxfi” qrifi altındadır.

Mahiyyəti açıqlanmayan bu fərmanlar bütünlükdə qəbul edilmiş fərmanların 49.5 faizini təşkil edib. Bu, idarəçilik üsul və formaları heç də dünyanın ən mütərəqqiləri sırasında olmayan Rusiyanın özü üçün belə rekord göstəricidir.

Qeyd edək ki, Putinin “məxfi fərman sevgisi” ilk dəfə özünü hələ 2001-ci ildə göstərib. Həmin vaxt da Rusiya müharibə aparırdı, ancaq Ukraynada deyil, Çeçenistanda. Həmin il Çeçenistanda “terrorçulara qarşı mübarizə aparan” və dinc əhalinin kütləvi qırğınına gətirib çıxaran hərbi əməliyyatlara əmr vermiş Putinin imzaladığı fərmanların 47 faizi “məxfi” qrifi altında olub. O vaxtdan sonra belə fərmanların sayı azlıq təşkil edib və 2022-ci ildə, Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayan kimi, onların sayı dəfələrlə artıb. Belə ki, 2022-ci ildə qəbul edilmiş fərmanların 45 faizi məxfi olub. Onların ümumi sayı isə demək olar ki, ötənilki qədər – 996 fərman olub. Deməli, məxfi fərmanların kəskin say artımı məhz müharibə ilə bağlıdır.

“Mediazona” qeyd edir ki, geniş ictimaiyyət üçün qapalı qalan məxfi fərmanlar böyük ehtimalla hərbçilərin təltifilə bağlıdır. Eyni zamanda, onların böyük bir qismi də sözsüz ki, Ukrayna müharibəsinə cəlb olunan məhkumların, ağır cinayətlər törətmiş şəxslərin əfv edilməsinə aiddir. Belələrininsə sayı olduqca çoxdur. Hətta o da məlumdur ki, Ukraynadakı döyüşlərdən sağ çıxaraq Putinin fərmanı ilə əfv edilən və Rusiyaya qayıdan cinayətkarların yenidən ağır cinayətlər törətməsinə dair çoxsaylı faktlar var. Belə ki, təkcə açıq mənbələrdə yer alan məlumatlara görə, digər ağır cinayətləri bir tərəfə qoysaq, müharibə dövründə qətl hadisəsi törətmiş azı 17 məhkum əfv edilib və Ukraynaya göndərilib. Bunlar barəsində hansısa məlumatlar olan və adları mətbuatda yer alan cinayətkarlardır, hələ məxfi fərmanlarda belələrinin sayının nə qədər olduğu bilinmir.

O da bildirlir ki, Putinin 2023-cü ildə hərbi hissələrə və gəmilərə “qvardiya” titulu verən fərmanlarının da sayı artıb. Lakin onlara da bu adların nəyə görə verildiyi məlum deyil. Belə sənədlərdə standart “kütləvi qəhrəmanlıq, igidlik və mərdliyinə görə” formulundan istifadə olunur, lakin bu hissələrin hansı “qəhrəmanlıq” törətdikləri bəlli deyil.

Əvəzində o məlumdur ki, Rusiya ordusu Ukrayna başda olmaqla, qədəm basdığı hər yerə ölüm, faciə, dağıntı, fəlakət və səfalət gətirir. Belə ordunun sıralarında cinayətkarların, başında isə Putin kimisinin yer almasında yəqin ki, qeyri-adi heç nə yoxdur…