İran Zəngəzurla bağlı bunu edəcək - Bakıdan REAKSİYA

İran Zəngəzurla bağlı bunu edəcək - Bakıdan REAKSİYA

İranın ali rəhbərinin hərbi müşaviri, general Yəhya Rəhim Səfəvinin Ermənistanın cənubundan keçməsi nəzərdə tutulan kommunikasiya xətləri və Zəngəzur dəhlizi ilə bağlı verdiyi son bəyanatlar regiondakı yeni diplomatik reallıqların maraqlı tərəflərini üzə çıxarıb. General Səfəvi etiraf edib ki, bir müddət əvvəl bu məsələyə görə Azərbaycanla Tehran arasında kifayət qədər gərgin bir mərhələ yaşansa da, sonradan rəsmi Bakı tərəfindən çox uyğun və konstruktiv mövqe sərgilənib və tərəflər arasında yaxşı anlaşma əldə olunub. İranlı hərbi rəsmilərin iddiasına görə, Azərbaycan tərəfi Tehrana şimal sərhədlərində anti-İran xarakterli hər hansı bir iddianın mövcud olmadığını və Bakının İrana qarşı heç bir xarici layihədə yer almayacağını qətiyyətlə bildirib. Səfəvi rəsmi Bakının bu məsələdə müəyyən mənada geri çəkildiyini və əsas hədəf kimi Ermənistandan keçən yolun kimin nəzarətində olmasından asılı olmayaraq, sadəcə Naxçıvana maneəsiz çıxışın təmin edilməsini istədiyini dilə gətirib. Eyni zamanda iranlı general İrəvanın siyasətini kəskin tənqid edərək bildirib ki, Ermənistan bu mövzuda daha radikal mövqe ortaya qoyur, sərhədlərə ABŞ mühafizə xidməti adı altında Amerika əsgərlərini gətirir və xüsusilə dəhliz məntiqi ilə strateji ərazilərin regiondan uzaq bir ölkəyə verilməsi cəhdləri Tehran üçün yeni və ciddi təhdidlər formalaşdırır. Regiondakı məsələlərin yalnız bölgə dövlətləri tərəfindən həll edilməli olduğunu vurğulayan Səfəvi, Azərbaycanla münasibətlərin düşmənçilik deyil, əməkdaşlıq və sabitlik üzərində qurulmasının vacibliyini qeyd edib. Lakin bu bəyanatda səslənən "geri çəkilmə" iddiası Bakının Zəngəzur dəhlizi ilə bağlı strateji mövqeyində doğrudanmı hansısa dəyişikliyin baş verdiyi sualını doğurur.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Əli Əkbəroğlu qeyd edib ki, İran rəsmisinin səsləndirdiyi "Azərbaycan bu məsələdə geri çəkilib" ifadəsi reallığı tam əks etdirmir və daha çox Tehranın daxili auditoriyaya yönəlmiş diplomatik manipulyasiyasıdır: "Azərbaycan Zəngəzur dəhlizi layihəsində heç bir addım geri atmayıb, sadəcə olaraq prosesi beynəlxalq hüquq və regional reallıqlar çərçivəsində, həmçinin alternativ yolları işə salmaqla rasional müstəviyə keçirib. Rəsmi Bakı hər zaman bəyan edib ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən, Ermənistan öz ərazisindən Naxçıvana təhlükəsiz və maneəsiz keçidi təmin etməlidir. İrəvanın bu öhdəliyi süni şəkildə yubatması fonunda, Azərbaycan İran ərazisindən keçən alternativ 'Araz dəhlizi' layihəsini sürətlə reallaşdırdı. Bu gedişlə Bakı həm İrana onun regional əhəmiyyətini itirməyəcəyi mesajını verdi, həm də Ermənistanı dalan dövlət statusunda buraxaraq sülhə məcbur etmə taktikası seçdi. Yəni ortada bir geri çəkilmə yox, Bakının çox gedişli və uğurlu bir geosiyasi manevri var".

Onun sözlərinə görə, general Səfəvinin Ermənistanı hədəf alan tənqidləri əslində region üçün əsl təhlüka mənbəyinin kim olduğunu açıq şəkildə göstərir: "Diqqət edin, İran rəsmisi açıq şəkildə etiraf edir ki, Ermənistan regiona Amerika əsgərlərini və kəşfiyyat elementlərini toplayır. Bu günə qədər Azərbaycanı eskalasiyada və regiona kənar qüvvələri gətirməkdə şərləyən bəzi İran dairələri artıq real təhdidin İrəvandan gəldiyini görürlər. Paşinyan hakimiyyəti Tehrana hər nə qədər 'sizə qarşı layihədə yoxuq' desə də, ABŞ və Avropa İttifaqı missiyasını sərhədə yığmaqla həm Rusiyaya, həm də İrana qarşı plasdarm rolunu oynayır. Azərbaycan isə regionun taleyini kənar qüvvələrin deyil, regional dövlətlərin həll etməli olduğu prinsipini, yəni '3+3' formatını hər zaman müdafiə edib. Tehrandakı hərbi-siyasi elita dərk edir ki, Bakı etibarlı və proqnozlaşdırıla bilən tərəfdaşdır, problemləri qonşuluq prinsipləri ilə həll etməyə hazırdır. Amma Ermənistanın Qərbə sığınaraq atdığı addımlar həm Azərbaycanın, həm də İranın maraqlarına daxildən vurulan zərbədir. Səfəvinin bu bəyanatı rəsmi Bakının regional balans siyasətinin növbəti qələbəsidir və Tehrana Azərbaycanın dinc niyyətlərini qəbul etdirməyin göstəricisidir".