44 günlük müharibədə ölən hərbçilərin valideynləri İrəvanda Baş Prokurorluğun binası qarşısında etiraz aksiyası keçirirlər.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, etirazçılar burada Vazgen Sarkisyan küçəsini bağlayıblar.
Aksiya iştirakçıları ölkənin Baş prokuroru Artur Davtyandan cinayət işinin başlanılmasını və Baş nazir Nikol Paşinyanın həbs olunmasını tələb ediblər.
“Öyrəndik ki, Paşinyan sabah görüş üçün Brüsselə gedir. Amma o, erməni xalqını təmsil etməməlidir, buna haqqı yoxdur. Biz isə baş prokurordan onun hərəkətlərinin qarşısının alınmasını və tez bir zamanda həbs olunmasını tələb edirik”, – deyə ölən əsgər Mxitar Qaleyanın atası Qarik Qaleyan bildirib.
Onun sözlərinə görə, sabah baş nazir başqa bir sənəd imzalayacaq, nəticədə “biz artıq Ermənistanın ərazilərini verməyə başlayacağıq”.
Bir müddət sonra bağlanan küçə açılsa da, aksiya hələ də davam edir.












